'COP29-a qədər Ermənistanla razılığa gəlmək realdır'

İlham Əliyev

"COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür".

Bunu prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Dövlət başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. "Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf sadəcə ürəkdən çalışmalıdır", - prezident diqqətə çatdırıb.

Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) keçirilməlidir.

Son illər həm Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir. Üstəlik, son aylar iki ölkə arasında birbaşa təmaslar da artıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Dörd il əvvəl 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il birgünlük əməliyyat nəticəsində Azərbaycan işğalda olan ərazilərə nəzarətini bərpa edib.

Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.