Dövlət Komissiyası beynəlxalq təşkilatlara üz tutdu

Illüstrasiya

İtkin düşən hərbiçi Bəhruz Pərviz oğlu Cəlilbəyliyə aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasınin bu gün, noyabrın 25-i yaydığı məlumatda belə bildirilir:

“Hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyibu sahədə müvafiq tədbirləri davam etdirirlər. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”

Noyabrın 23-ü səhər saatlarında Ermənistan tərəfi Naxçıvan istiqamətində neytral ərazidə onların hərbiçilərinin azərbaycanlı hərbi qulluqçunun - kapitanın cəsədini tapdıqlarını açıqlamışdılar.

Ermənistanın müdafiə nazirliyi hərbi qulluqçunun cəsədini Qırmızı Xaç Komitəsinə təhvil verməyə hazır olduğunu bildirmişdi.

Noyabrın 23-ü günün ikinci yarısında isə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri ilə təmas xəttində hərbiçi meyiti tapıldığını açıqlamışdı.

Nazirlik bildirirdi ki, meyiti aşkar edilən hərbiçi Bəhruz Cəlilbəyli olub. 1998-ci il təvəllüdlü hərbiçi bu ilin yanvar ayında Sədərək rayonundan hərbi qulluğa çağırılıb.

Nazirliyin iddiasına görə, o, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edib. Bəhruz Cəlilbəylinin meyitinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqelərinə yaxın ərazidə müəyyən edildiyi bildirilirdi.

Nazirlik həmçinin vurğulayırdı ki, adıçəkilən hərbiçi barəsində cinayət işi açılıb və istintaq davam etdirilir.

Həmin açıqlamaya, hələlik, mərhum hərbiçinin yaxınlarının münasibətini almaq mümkün olmayıb.