Bu gün, oktyabrın 5-də Azərbaycan (Zakir Həsənov), Türkiyə (Hulusi Akar) və Gürcüstan (Cuanşer Burçuladze) müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş Gürcüstanın Kaxeti bölgəsində gerçəkləşib: "Görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər".
Sonda danışıqların yekununa dair protokol imzalandığı bildirilir.
Azərbaycan və Gürcüstan əməkdaşlıq planı imzalayıb
Gürcüstanda səfərdə olan Azərbaycan Müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də bu ölkənin Müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
"Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər", - məlumatda yazılıb.
Açıqlamaya görə, görüşün sonunda Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 4-də Gürcüstana gedib. Bu ölkənin Kaxeti bölgəsində Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü nəzərdə tutulub. Habelə elə həmin gün Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Təlim oktyabrın 8-nə kimi davam etməlidir.