Biz neçə ay öncə özünün 3-cü peykini orbitə buraxan Azərbaycanın elə yerləri var ki, orda ümumiyyətlə yerli-dibli internet olmayıb. Belə yerlərdən biri də İmişlinin Ağamalılar kəndidir. Kənd sakini Bəxtiyar Məmmədov deyir ki, adi bir sənədləşmə işləri üçün rayon mərkəzinə getməyə məcbur qalırlar:
“İşdalınca rayona gedib gəlirik, ancaq onda internetdən istifadə edirik. Burda nə var ki, internet də ola? Məsələn, social yardım üçün qeydiyyatdan keçməkdən ötrü lazım olur. Bunların heç biri mümkün deyil. Cavanların çoxu da kənddən köçüb gedib”.
İnternetin olduğu bölgələrdə də şikayətlər kəsilmir. Əsasən də onun sürətinin aşağı olması haqdatənqidlər səslənir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə ay öncə ölkədə internetin durumu haqda AzadlıqRadiosunun informasiya sorğusunu cavablayıb. Nazirlikdən bildiriblər ki, ayrı-ayrı şikayətlər çoxsaylı provayderlərin xidmət göstərdiyi milyonlarla istifadəçinin internet təchizatında problemi olması anlamına gəlmir:
“Bu gün Azərbaycan əhalisinin təxminən 80%-i internet istifadəçisidir. Ölkədə internet təchizatının inkişafına yönəlmiş bir çox irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bunlardan ən başlıcası da genişzolaqlı internet infrastrukturunun inkişaf etdirilməsi, ən son texnologiyaların tətbiqinin genişləndirilməsidir. Hazırda bu istiqamətdə Bakıda və bölgələrdə geniş miqyaslı işlər aparılır”.
O ki, qaldı əhalinin şikayətlərinə nazirlik qeyd edir ki, bu cür müraciətlər araşdırılarkən kiçik internet sürət paketinə bir neçə cihazın eyni anda qoşulması, wi-fi şifrəsinin ətrafda yaşayan insanlara ötürülməsi, ünvanla paylayıcı qutu arasında uzaq məsafənin olması faktları aşkar olunur.
Nazirliyin cavabında o da qeyd olunur ki, 2018-ci ilin sonuna kimi Bakı şəhəri üzrə 100 minə yaxın mənzilə genişzolaqlı şəbəkə üçün infrastruktur qurulması nəzərdə tutulur.
Baha və keyfiyyətsiz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz düşünür ki, Azərbaycanda internet probleminin həlli üçün köklü işlər aparılmalıdır. Bir nazirliyin öz resursları hesabına görülən işlər problemin həllinə yardımçı ola bilməz.
Onun sözlərinə görə, Azərbaycanda internetin tarifləri qonşu ölkələrlə müqayisədə 2-3 dəfə bahadır, amma keyfiyyəti və sürəti isə aşağıdır, bəzi regionlarda isə ümumiyyətlə internetə çıxış məhduddur:
“Regionlarda ancaq mərkəzdə genişzolaqlı bağlantı ilə internetə qoşulmaq olar. Elə Bakı ətrafı qəsəbə və kəndlərdə də genişzolaqlı internetlə bağlı problemlər var. Mobil internet isə ümumiyyətlə biabırçılıqdır. Təsəvvür edin elə bir mobil operator var ki, 2 milyon istifadəçiyə internet xidməti göstərir. 10-15 GBT-dir. Bu necə ola bilər? Normal ölkələrdə 15 GBT-i 15 evə çəkirlər. Təbiidir ki, 15 GBT-lik internetlə 2 milyon istifadəçiyə verilən internetin sürəti aşağı, özü də keyfiyyətsiz olacaq”.
Neft Fondunun simicliyi
Osman Gündüz deyir ki, internet infrasturkurunun olmaması elektron ticarət, elektron xidmətlər, bir sözlə internetlə bağlı olan bütün sahələrə təsir edir.
Bakıda keçirdiyimiz qısa sorğuda əksəriyyət istifadə etdiyi internetin sürətindən heç də razı görünmür:
Sizin brauzer HTML5-i dəstəkləmir
Ekspert Osman Gündüz Azərbaycanda internet probleminin həllini bütün ölkə üzrə optik lifli xətlərin çəkilməsində görür. Amma o təəssüflənir ki, 2015-ci ildə Neft Fondu “Milli genişzolaqlı İnternetin inkişafı” layihəsinə 350 milyon manat ayırmaqdan imtina etdi. O zaman Fond qərarını bu layihənin kommersiya xarakteri ilə izah etmişdi. Amma ekspertlər bunu 2015-ci ildə neft gəlirlərinin azalması ilə əsaslandırırdılar.
Osman Gündüzün fikrincə, internet infrastruktru həm də dövlətin təhlükəsizliyi ilə bağlı olduğundan hökumət məsələyə daha həssas yanaşmalıdır.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Cekuta da bu günlərdə yazdığı məqaləsində qeyd edirdi ki, Azərbaycanda elektrik şəbəkələri, IT və telekommunikasiya sistemləri həm köhnəlib, hazırki tələbatlara cavab vermir, həm də xarici təsirlərə, müdaxilələrə açıqdır. Keçmiş səfir vurğulayırdı ki, bu infrastruktur sistemlərinin mühafizə və ya bərpası işləri ya təxirə salınır, ya maliyyələşdirilmir, ya da ümumiyyətlə diqqətdən kənar qalır.