Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 4-də məlumat yayıb.
Məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Sübhan Bəkirov İran HDQ-nin Əməliyyat Komandanı Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"...Gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib", - məlumatda vurğulanır.
Hazırda Azərbaycanla Qazaxıstanın hərbi gəmiləri və şəxsi heyətinin iştirakı ilə Bakıda "Xəzri-2023" birgə taktiki təlimi (2-8 oktyabr) keçirilir.
İran HDQ-nin nümayəndə heyəti təlimdə müşahidəçi qismində iştirak edir.
Xatırlatma
Yaxın aylara qədər Azərbaycan və İran arasında müəyyən gərginlik yaşanırdı. Son illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlandı (bu məsələ ilə bağlı məhkəmə istintaqı davam edir). Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi. Amma son aylar hər iki tərəfin rəsmiləri bir-birləri ilə əməkdaşlığa aid fikirlər səsləndirirlər.