Azərbaycan və İran nazirləri görüşüb

Görüş

Dünən, sentyabrın 23-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüş zamanı Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb: "Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər".

Bildirildiyinə görə, C.Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib: "Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. Görüş zamanı habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb".

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya sentyabrın 27-də başa çatmalıdır.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.