Prezident İsrailə səfir təyin etdi

Muxtar Məmmədov

Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Ötən ilin noyabrında Azərbaycan Milli Məclisi İsraildə səfirliyin açılması ilə bağlı layihəni qəbul etmişdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Bundan bir il sonra İsrailin Azərbaycanda səfirliyi açılıb. Amma aradan keçən 30 ildə Azərbaycanın İsraildə səfirliyi açılmamışdı.

Muxtar Məmmədov haqqında…

Muxtar Məmmədov 1983-cü ildə Bakıda doğulub.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində "Avropaşünaslıq" ixtisası üzrə magistratura təhsili alıb.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.

2021-ci ilin aprelindən indiyədək elm və təhsil nazirinin müavini vəzifəsində çalışırdı.

Buna da bax: Üçüncü Netanyahu dönəmi Azərbaycana nə vəd edir?