Azərbaycan İsraildə səfirliyini açır

Səfirlik Təl-Əvivdə yerləşəcək.

Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün, noyabrın 18-də keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.

Azərbaycanın Fələstində Təmsilçilik Ofisi olacaq

Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) isə Təmsilçilik Ofisi təsis edilir.

Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsi də müzakirə edilib. Bu layihə də qəbul edilib.

2011-ci ildə Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. Lakin Fələstində Azərbaycanın səfirliyi yoxdur.

Buna da bax: Üçüncü Netanyahu dönəmi Azərbaycana nə vəd edir?

Xatırlatma

Onilliklərdir İsrail və Fələstin arasında zaman-zaman insan itkiləri ilə nəticələnən münaqişələr baş verir.

Azərbaycan rəsmiləri bildirirlər ki, Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla "iki dövlət" prinsipinə əsasən həllini dəstəkləyirlər.

2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.

Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyəti dönəmində Yerusəlimi - Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. ABŞ-dan sonra bəzi ölkələr də oxşar qərar verib.