Azərbaycan MN Kəlbəcər rayonun atəşə tutulduğunu deyir

Ermənistan əsgərləri Azərbaycanla sərhəddə (Arxiv fotosu)

Azərbaycan Kəlbəcər rayonun atəşə tutulduğunu bildirir.

Bu barədə bugün, iyulun 27 -də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazilib ki, iyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yuxarı Ayrım kəndlərindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Qarşı tərəfə cavab atəşinin açıldığı, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.

Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilir.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.