Azərbaycan Tovuzun atəşə tutulduğunu deyir 

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Tovuz istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 14-ü saat gündüz təqribən 12 radələrində məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 13-ü saat 23:05-də mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

“Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. ”,məlumatda yazılıb

Bu məlumata, hələlik, Ermənistan rərəfinin münasibəti bəlli deyil. Amma Ermənistan Müdafiə Nazirliyi avqustun 13-cü gecə saatlarında Azərbaycan ordusunun atəşkəsi Qeqarkunik bölgəsi istiqamətində pozduğunu yazır. Məlumatda bildirilir ki, saat 23000-dan sonra Azərbaycan-Ermənistan sərhəddində nisbi sakitlik olub.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.