Azərbaycan və Türkiyə birgə təlim-məşqlərə başlayıb

Təlim

Bu gün, sentyabrın 2-də Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb: "Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək".

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam etməlidir.

Bu il sentyabrın 6-dan 17-nə kimi isə Türkiyədə "TurAz Şahini – 2021" təlimləri keçiriləcək. Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti də Konya şəhərində keçiriləcək bu təlimlərdə iştirak edəcək.