Türkiyə-Azərbaycan Universitetinin yaradılacağı gözlənir

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

İyunun 13-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək və geniş tərkibli görüş olub. Daha sonra onlar mətbuata bəyanatlarla çıxış ediblər.

AzərTAC-ın xəbərinə görə, İlham Əliyev deyib ki, onlar müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışıblar:

“Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcək, onlardan 6-sı artıq keçirilib.”

O habelə vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıb:

“Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq.”

Onun deməsinə görə, müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlıdır:

“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir.”

Ərdoğan deyib ki, hazırda atdıqları və atacaqları addımlardan biri də Türkiyə-Azərbaycan Universiteti məsələsidir:

“Beləliklə, azərbaycanlı gənclərimiz Türkiyəyə rahatlıqla gələ biləcəkləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər.”

Türkiyə prezidentinin əlavə etməsinə görə, ən mühüm məsələlərdən biri də xüsusilə hazırda özəl sektorlarının atdığı addımlardır:

“Şirkətlərimiz kənd təsərrüfatı, heyvandarlıq sahələrində müştərək fəaliyyəti uğurla həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat sahəsində türk podratçı firmaları həqiqətən də Azərbaycanda uğurlu infrastruktur layihələrini həyata keçirirlər”.

Ərdoğan iyunun 12-də Azərbaycana gəlib. Onun səfəri iyunun 13-də başa çatıb.