Azərbaycan Ukraynaya elektrik avadanlıqlardan ibarət növbəti humanitar yardım göndərib.
Bu barədə oktyabrın 30-də Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir: "14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir".
Məlumatda əlavə edilir ki, ümumi dəyəri 7.6 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissələrinin yaxın müddət ərzində yola salınması planlaşdırılır.
Azərbaycan Ukraynaya bundan əvvəl də elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərib. Yardımın ümumi məbləğinin artıq 33 milyon ABŞ dollarından çox olduğu bildirilir.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb. Hər iki tərəfdən on minlərcə hərbi qulluqçunun həlak olduğu, milyonlarla insanın qaçqın düşdüyü, Ukraynada çoxsaylı binaların, müəssisələrin dağıdıldığı bildirilir. Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edib. Azərbaycan bu sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır.