Azərbaycan və İran xarici işlər nazirləri danışıblar

Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramov (sol) və Hüseyn Əmir Abdullahian

Bir müddətdir ki, Azərbaycanla İran arasında gərginlik müşahidə olunmaqdadır

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub. Bu barədə dekbarın 31-də Azərbaycanın xarici işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlər Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian telefon söhbətində gündəliyin aktual məsələləri, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələri müzakirə ediblər.

Buna da bax: ​​​​​​​BMT-də Laçın dəhlizi müzakirələri. İrandan açıqlama

Bununla yanaşı vurğulanır ki, iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub.

"Tərəflər, həmçinin bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər"-Nazirliyin məlumatında bildirilir.

Azərbaycan İran munasibətlərində gərginlik

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla İran arasında müəyyən gərginlik müşahidə olunub,

2022-ci ilin noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsinin ifşa edildiyi və Azərbaycan vətəndşıolan 5 nəfərin həbs olunduğu barədə məlumat yayıb.

Bundan əvvəl, noyabrın 11-də isə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna da bax: İranda dollar bahalaşır, Azərbaycanda İran malları artır

Məlumata görə, görüşdə, İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Ondan bir neçə gün öncə Azərbaycanın İrandakı səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq oxşar narazılıqla üzləşdiyi açıqlanıb.

Qeyd edilən bu açıqlamalara ölkələrin rəsmi qurum və başqa maraqlı tərəflərdən birbaşa münasibət bildirilməyib.

Əvvəlcə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə, Araz çayı sahilində hərbi təlimlər keçiriblər. Həmin vaxt Azərbaycan parlamentində bəzi deputatlar bunu Azərbaycana təhdid kimi dəyərləndirmişdilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır

Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirib.

Daha sonra Azərbaycanın da xüsusi təyinatlıları ölkənin cənubunda hərbi təlim keçiriblər.