Sentyabrın 13-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
"M.H.Baqeri bəzi qüvvələrin..., guya, İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb", - məlumatda bildirilir.
Açıqlamaya görə, telefon danışığı zamanı iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilirdi. İranın ötən il Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi rəsmi Bakının narazılığına səbəb olmuşdu. Daha sonra Azərbaycan da İranla sərhəddə təlimlər keçirmişdi.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə isə silahlı hücum olmuşdu. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanmışdı. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.