Azərbaycan İran sərhəddində yerləşən Astara keçid məntəqəsinin giriş qapısnın önündə sakitlikdir. İrana gedənlər əvvəlki illərdən fərqli şəkildə, növbə və sıxlıq olmadan qapıya yaxınlaşır, içəri keçirlər.
Söhbət etdiyimiz adamlar deyirlər ki, ötən il keçid məntəqəsi 24 saatlıq iş rejiminə keçəndən sonra problemlər nisbətən həllini tapıb.
"Bizlik deyil..."
Keçid məntəqəsinin çıxış qapsının önündə isə fərqli mənzərə var. Sürücülər, yük daşıyanlar İrandan qayıdanlara xidmətlərini təklif edirlər. Bir qadın İrandan aldıqlarını giriş qapısının önündə düzür. O, verdiymiz suallara cavab vermək istəmir. İrandan qayıdan bir başqa şəxs isə deyir ki, yüklər yoxlandığı üçün içəridə növbə yaranıb. Özünü Məzahir İsmayılov kimi tənqdim edən Azərbaycan vətəndaşı söyləyir ki, bazarlıq etməyə həmişə İran Astarasına gedir:
“Problemimiz yoxdur. Gedib bazarlığımızı edib qayıdırıq.Televizorda eşitmişik ki,İranda numayişlər var. Ancaq bizdə yoxdur. İran Astarasında da numayiş görmədik. Bizlik deyil. Ordan qayıdıram.”
“Kütləvi etrazları görmədik ”
İrana bazarlığa gedənlər, bunu orada bəzi malların qiymətinin ucuz olması ilə izah edirlər. Bir gənc isə, özü bizə yaxınlaşır. O bunları söyləyir:
“Birinci dəfə İran Astarasında oldum, “Rus bazarı”na baş çəkdim. Oradan Ərdəbilə getdim. Narahatçılıq var. Amma kütləvi etrazları görmədik. Astardan Ərdəbilə gedəndə elə bir qeyri adi hall müşahidə edə bilmədim. Gələndə gördüm ki, İran Astarasında adamlar ehtiyat edirlər. İki nəfər bir yerdə duranda bir nəfər mülki geyimili onların yanında durur. İranlılar pıçıltı ilə danışırdılar. Ərdəbildə mağaza sahibi heç nə demədən bizi çölə çıxartdı, tələsik mağazanı bağlayıb getdi. Amma belə baxanda bazarları da normaldır. Bizdəkidən ucuzluqdur. Nə üçün ucuzdur? ”
İrandan qayıdan Astara sakini Həsənağa Məmmədov isə orada gömrükdən narazılığını gizlətmir:
“Ayrıseçklik edirlər. Öz vətəndaşlarını tez yola salırlar, bizimkiləri gecikdirirlər. Buna bir əncam çəkilməlidir.”
Yük daşıyan bir şəxs də deyir ki, İran vətəndaşları indi Azərbayacan az gəlir.
“Camaat 5 gün qaz sobası daşıdı”
Sərhədyanı ərazilərdə yerləşən mağazalar İran malları ilə doludur. Mağazalardan birinin sahibi bunun səbəbini belə izah edir:
“İrana gündə min nəfərdən yuxarı vətəndaşmız gedir. Onlar əsasən bazarlığa gedirlər. Sənaye və ərzaq malları gətirirlər. Nə onlara sərf edir, gətirirlər. Biz də onlardan münasib qiymətə alırıq. Xəbərim var, İranda nə baş verir. Amma burda o hiss olunmur. İqtişaşlar başlayanda hər iki gömrükdə yoxlamaları yumşaltdılar. Əvvəllər vətəndaşlara İranın qaz sobalarını gətirməyə qoymurdular. Camaat 5 gün qaz sobası daşıdı. Bizdə qaz sobasının bir ədədi ən aşağısı 140 manatdır, orda isə 60-70 manata satılır. Daşıdlar. Nə İran tərəfi, nə də bizim tərəf mane oldu. Bu gün qoymurlar. Daha gətirə bilmirlər. Görürüsünüz, mağaza İran malları ilə doludur. Gəlib aparırlar. Çünki bazardakından ucuz veririk. Sərf edir. ”
Onun deməsinə görə, İran milli valyutası da ucuzlaşmaqda davam edir:
“Elə ona görə də bizə sərf edir. Orada yuyucu tozlar bizdəkidən çox ucuzdur. Amma qəndi ordan gətirmək sərf etmir. Düyü də onlarda bahadır...”
Gömrükdən narazılıqlara, hələlik, nə İranın, nə də Azərbaycan rəsmilərinin münasibətini öyrənmək mümkün olmayıb. Amma Azərbaycan Gömrük Komitəsindən bundan əvvəl bildirilib ki, vətəndaşlar narazı qaldıqları məsələlərlə bağlı onlara şikayət edə bilərlər.
Xatırlatma
Son günlər İranda benzinin qiymətinin qaldırılması ilə bağlı etirazlar baş verib. Bu etirazların yatırılması zaman bir neçə yüz insanın öldürüldüyü, çoxsaylı fəalların saxalandığı bildirilir.
İranın rəsmi şəxsləri etirazları xarici qüvvələrin təhriki ilə baş verən təxribatlar kimi dəyərləndirirlər.