Azərbaycan Ermənistanı separatçılığı qızışdırmaqda günahlandırır

Azərbaycan XİN

Açıqlamada Ermənistan Baş naziri və həmin ölkənin Xarici İşlər Nazirliyinin sentyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatları  pislənir

Bugün, sentyabrın 2-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Ermənistan Baş naziri və həmin ölkənin Xarici İşlər Nazirliyinin sentyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını pisləyirlər.

Vurğulanır ki, Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək: “Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir”

Qeyd edilir ki, öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci il dekabrın 10-da Qarabağda separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı və bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmirlər:

“Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu faktının üzərindən də erməni rəsmiləri susqunluqla keçirlər”.

Qurum hesab edir ki, təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük müharibə nəticəsində beynəlxalq ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib:

“Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır.”

Açıqlamanın sonunda vurğulanır ki, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranşın heç bir perspektivi yoxdur.

Buna da bax: Mirzoyan: Gündəlikdə Dağlıq Qarabağın statusu məsələsi də olmalıdır

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.