Yeni imtahan modeli açıqlanır

İmtahan otağı, Bakı, 5 yanvar 2010

Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelini razılaşdırıblar.

Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM)sentyabrın 21-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, yeni model DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə edilib.

DİM-in məlumatında yeni modelin hazırlanması zərurətinə aydınlıq gətirilir.

Qeyd edilir ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum), yeni qiymətləndirmə vasitələri tətbiq olunur. Bunlar nəzərə alınaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə oxuyanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq. Həmin qiymətləndirmə vasitələri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında da tətbiq ediləcək.

Yeni modeldə nələr var?

Yeni modelə əsasən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi 3 fənn üzrə keçiriləcək.

Ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı isə 5-dən 3-ə endiriləcək.

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri isə ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

DİM-in məlumatında yazılır ki, tezliklə yeni modelin detalları ilə bağlı Təhsil Nazirliyi ilə birgə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Xatırlatma

Azərbaycanda 1992-ci ildən qəbulda test üsuluna keçilib.

Mərhum prezident Əbülfəz Elçibəyin səyi ilə tətbiq edilən bu sistemin qəbulda rüşvətxorluğa ağır zərbə olduğu bildirilir.Bəzi ekspertlər yeni modelin yenidən rüşvətə yol açaçağından narahatdırlar.