Azərbaycanda 140 yeni yoluxma var

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün, mayın 24-də yaydığı məlumata görə, hazırkı dövrədək Azərbaycanda 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:

“Onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 270.739 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 428 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 344 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.