Artıq bir neçə gündür ki, Çindən Azərbaycana geyim və digər mallar gətirən sahibkarların bir çoxunun çətinliklərlə üzləşdiyi deyilir. Adlarının çəkilməsini istəməyən bəzi sahibkarların sözlərinə görə, gətirdikləri mallar Azərbaycana buraxılmır.
Bütün bunlar Azərbaycanla Çin arasında hökumətlər səviyyəsində iqtisadı-ticarət əlaqələrinin intensivləşməsi fonunda baş verir. Sentyabrın əvvəlində İqtisadiyyat naziri Mikayıl Cabbarov Çində işgüzar səfərdə olub. Rəsmi məlumata görə, səfər zamanı Azərbaycan-Çin iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi potensialı barədə fikir mübadiləsi aparılıb.
16 faiz Çin malları…
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yeddi ayında Çindən Azərbaycana mal idxalının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artaraq 1 milyard 556.2 milyon dollar təşkil edib. Bu dövrdə Azərbaycanın idxalında Çin malların payı 16.28 faiz təşkil edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Artıq üç gündür malları Azərbaycana gətirə bilmirəm"
Bakı ətrafındakı "Sədərək" Ticarət Mərkəzində mağazası olan, amma adının çəkilməsini istəməyən sahibkarlardan biri "Turan"a bildirib ki, artıq üç gündür malları Azərbaycana gətirə bilmir: "Çindən malları sifariş vermişəm, amma oranın karqo şirkəti bu malları qəbul etmir. Deyirlər ki, bunları Azərbaycana göndərə bilmərik".
O vurğulayıb ki, eyni istehsalçı şirkətin mallarını illərdir Azərbaycana gətirir: "Gətirdiyim mallar pirat deyil. Karqoda da istehsalçı şirkətin adını, ünvanını göstərsəm də, xeyri yoxdur".
Sahibkarın sözlərinə görə, bir neçə dəfə belə hallar olub: "Sadəcə daha çox pul verəndən sonra malı ölkəyə gətirə bilirdik. Sonra isə məcbur olub qiymətini da qaldırırdıq".
"Yalnız pirat və ya kontrafakt mallar buraxılmır"
Dövlət Gömrük Komitəsindən (DGK) "Turan"a verilə məlumata görə isə, ölkəyə yalnız pirat və ya kontrafakt mallar buraxılmır. Qurumdan bunu "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanununun 10-cu maddəsi ilə izah ediblər: "Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər".
"…Xeyli sayda pirat mallar gətirilir"
İqtisadçı Zöhrab İsmayıl da bu məsələdə DGK-nın tərəfində olduğunu bildirir. Onun sözlərinə görə, ölkəyə Çin və Türkiyədən xeyli sayda pirat mallar gətirilir: "Azərbaycanda əqli mülkiyyətinin qorunması ciddi bir problemdir. Həmin mallar sonra Azərbaycana həmin tanınmış brendlər adı ilə gətirilir. Sahibkarlar piratçılıqla məşğul olmamalıdır".
Onun fikrincə, Azərbaycanda pirat malların geniş yayılması ölkənin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmaması ilə bağlıdır: "Əgər Azərbaycana pirat mallar buraxılmasa, sahibkarlar istehsalçı şirkətlərlə danışıb ölkədə bu brend malların istehsalını təşkil edə bilərlər. İndi isə buna imkan yoxdur, çünki ucuz pirat mallara görə bu marka mallarını daha baha qiymətinə alan olmayacaq".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Qiymət artımı olacaq"
İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan alıcılıq gücü zəif olan ölkələrdəndir: "Reallıq ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin əhalisinin, xüsusilə də onun az- və ortagəlirli qruplarının tələbatının böyük bir qismini həmin məhsullar ödəyir. Hətta Birləşmiş Millətlər Təşkilatının zaman-zaman bu kimi məsələlərdə daha ehtiyatla davranmaqla bağlı tövsiyələri olur".
İqtisadçı hesab edir ki, hazırda başladılmış prosesin nəticəsində ölkədə ciddi qiymət artımı olacaq: "Bundan başqa, mənim ən böyük narahatlığım o istiqamətdədir ki, bazar tələbi yüksək olanda bu kimi məhdudiyyətlər böyük korrupsiya risklərini formalaşdırır. Bir tərəfdən, bu mallara böyük bazar tələbi var, digər tərəfdən, müəyyən səlahiyyətli qurum bunu məhdudlaşdırır. Belə olduğu təqdirdə bazarda bu böyük tələbat qarşılığında müəyyən mənfəət əldə etmək istəyən tərəflər hərəkətə keçirlər. Yəni, böyük bir korrupsiya, rüşvət kimi hallara şərait yaranır".