Azərbaycana məxsus şirkət ‘Azercell’i aldı - 222 milyon avroya [yenilənib]

Azercell Plaza

Azərbaycana məxsus “Azerbaijan International Telecom” (AzInTelecom) şirkəti ölkənin əsas mobil operatoru olan “Azercell”un səhmlərinin nəzarət zərfini alıb.

Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında bildirilir.

"Azİn Telecom" "Azercell”in dəki 51,3 faizlik payını 222 milyon avroya alıb. Məlumatı “Reuters” agentliyi yayıb.

Məlumatda qeyd edilir ki, payların alınması Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti ilə bağlanmış müqavilə əsasında rəsmiləşib.

Həmin müqavilə “Azercell”in təsisçisi olan, Türkiyədə təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin səhmlərinin 51,3 faizinin alınmasını nəzərdə tutur.

Buna da bax: Azercell-də prezident qızlarının payı

“Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveçin “Telia Company AB” və Türkiyənin “Turkcell İletişim Hizmetleri A.Ş” şirkətləridir. Nazirlik bildirir ki, “Telia Company AB” Avrasiya bölgəsindəki biznesindən çıxmaq prosesindədir.

“Həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmağını da şərtləndirir.

Nazirliyin məlumatında deyilir: “Azərbaycanın telekommunikasiya bazarında “Azercell” tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC Telia Company AB” və “Turkcell İletişim Hizmetleri A.Ş” şirkətləri ilə müzakirələr aparılıb. “Fintur Holdings B.V.” şirkətinin “Azertel” şirkətində paylarının “AzInTelecom” MMC tərəfindən satınalınması barədə razılıq əldə edilib”.

Buna da bax: Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi

Məlumatdan aydın olur ki, “Azercell Telecom”un qiymətləndirilməsinə “Ernst & Young” şirkəti cəlb edilib. Nazirlik bildirir ki,“AzInTelecom” tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət qiymətləndirici şirkətin müəyyən etdiyi qiymət çərçivəsinə uyğun olub.

Ancaq nazirlik müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

Xatırlatma

“Azercell” 1996-cı ilin yanvarında qurulub. Onun təsisçiləri əvvəlcə “Turkcell” və Azərbaycanın Rabitə Nazirliyi olub.

“Azercell” 1996-cı il dekabrın 15-dən mobil telekommunikasiya xidmətlərini, 1998-ci ildə isə "SimSim" tarif paketini təklif edib.

Buna da bax: 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

"Azercell"in 100%-lik səhmdarı Türkiyənin "Azertel Telekomunikasyon və Yatırım Dış Ticaret A.Ş" şirkəti idi.

Ötən il “Azercell"in zərərdə olduğu açıqlanmışdı. Şirkətin 2017-ci il üzrə maliyyə hesabatında deyilirdi ki, il ərzində şirkətin səhmdarları 19 milyon 357 min manat və ya 11,4 milyon dollar məbləğində zərərə düşüb.

Ötən il "Azercell"in aktivləri 0,8 faiz azalmış, 2018-ci ilin əvvəlində 916,3 milyon manat təşkil etmişdi.