İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" (Baktelecom) MMC-nin antiinhisar qanunvericiliyini pozub-pozmadığını araşdırıb.
Xidmətin saytında yayılan məlumata görə, sözügedən qurumlarda xidmət tariflərində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb: "Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub. Özəl internet provayderləri tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər".
Açıqlamaya görə, araşdırmalar nəticəsində sözügedən qurumlar barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırılıb.
Rəsmi açıqlamaya, hələlik, "Aztelekom" və "Baktelecom" MMC-lərdən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda internetin qiymətləri bu ilin avqustunda dəyişdirilib.
"Bakı Telefon Rabitəsi" MMC-dən bildirilmişdi ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq 4 mbit/s, 10 mbit/s tarifləri ləğv edilir. Əvəzində onların istifadəçiləri müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Nəticədə isə qiymətlər 10 manatdan 15, 12.5 manatdan isə 18 manata çatdırıldı.