Bu gün, iyunun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Osetiyada keçirilən seçkilərin tanınmaması barədə bəyanat yayıb.
“Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır,” Xarici İşlər Nazirliyinin bəyanatında yazılıb.
Beynəlxalq ictimaiyyətin tanımadığı Cənubi Osetiyada iyunun 9-da parlament seçkiləri keçirilib.
Cənubi Osetiya SSRİ (Sovet Sosialist Respublikalar İttifaqı) dövründə Gürcüstanın tərkibində muxtar vilayət olub.
Cənubi Osetiyanın 1990-cı ildə müstəqilliyini elan etməsi regionda silahlı münaqişəyə səbəb olub. Gürcüstan rəhbərliyi həmin vaxt bildirib ki, Cənubu Ostiyanı Rusiya himayə edir. Qarşı tərəf isə Gürcüstanı Cənubi Osetiyanın müstəqilliyini boğmaq istəməkdə günahlandırıb.
2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra avqustun 26-da Cənubi Osetiyanı Rusiyanın tanıdığı açıqlanıb. BMT, Avropa Birliyi ölkələri, ABŞ, o cümlədən Azərbaycan isə Cənubi Osetiyanı Gürcüstan Respublikasının ərazisi kimi tanıyır.
Hazırda Rusiyanın Cənubi Osetiyada hərbi bazası var.