Milli Məclis "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" Müqavilənin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
Qanun layihəsi parlamentin iyulun 9-da keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarıldıqdan sonra bir dəfəyə qəbul edilib.
Bu ilin mayında Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı da imzalanıb.
Mayın 18-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovla Bakıda rəsmi səfərdə olan Belarusun Müdafiə naziri Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olmuşdu. Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi açıqlanmışdı. Onda Z.Həsənov və V.Xrenin əməkdaşlıq sənədi də imzalamışdılar.
Bu il iki ölkə arasında başqa sahələrə aid də əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.