XİN: 'Riyakarlığın son həddi'

Azərbaycan XİN

"Ermənistanın barışmaz mövqeyi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına başlıca maneədir". Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iyunun 18-də yaydığı bəyanatda belə deyilir.

Azərbaycan tərəfi hesab edir ki, Şuşa Bəyannaməsinin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının xalqın rifahına deyil, məhz erməni xalqına qarşı olduğunu dərk etmir.

"Beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklər ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-in indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir", – açıqlamada bildirilir.

O da deyilir ki, Azərbaycan və Türkiyə liderlərinin irəli sürdüyü regional əməkdaşlıq platformasını rədd edən Ermənistan XİN-in bunu "erməni xalqına qarşı təhlükə" və "bölgə üçün təhdid" kimi təqdim etməsi onun sülh, əməkdaşlıq meyllərindən uzaq olduğunu göstərir.

XİN hesab edir ki, regional əməkdaşlığın həyata keçirilməsi üçün unikal imkanlar yaranıb, "əməkdaşlıqdan faydalanmaq və ya bunun əksi artıq Ermənistanın verəcəyi qərardır".

İyunun 17-də Ermənistan XİN-in yaydığı bəyanatda Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinin bölgədə sülhə, təhlükəsizliyə zidd olduğu, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin imzaladığı sənədin təxribat xarakterli olduğu, onun erməni xalqına qarşı yönəldiyi bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ərdoğanın Şuşa səfəri nəyi dəyişəcək?