'Azərbaycan NATO-nun vacib tərəfdaşıdır'

Müdafiə Nazirliyi

Müdafiə naziri Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb. İyunun 17-də olan görüş barədə Müdafiə Nazirliyi xəbər verib.

Müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Məlumatda deyilir ki, R.Berqmanis Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Xatırlatma

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların fikrincə, bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir. Rəsmilər isə tənqidləri qəbul etməyərək bunu balanslaşdırılmış siyasətlə izah edirlər.