İyulun 6-dan 9-na kimi Bakı şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Demarkasiya dövlətlər arasında daimi sərhədlər müəyyənləşənə qədər onları ayıran xətdir.
Məlumata görə, iclasda bu prosesin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, çöl demarkasiya işlərinin aparılması və təşkili üçün lazımi olan sənədlər təsdiq olunub: "Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək. Demarkasiya işlərinin aparılması zamanı hər iki dövlət tərəfindən işlərin konstruktiv və ardıcıl həyata keçirilməsi qeyd olunub".
Birgə Komissiyanın növbəti iclası Rusiya Federasiyasında gerçəkləşməlidir. Onun keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılmalıdır. Komissiya buna qədər səkkiz iclas keçirib.