Azərbaycanda həbsxana və müvəqqəti saxlama yerlərində işgəncə xəbərləri necə araşdırılır?
Son günlər sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslara işgəncə verilməsi haqda məlumat yayılıb. Məhbusların cərimə kamerasına salındığı, onların çılpaq bir-birlərinin üstündə uzandırıldığı və təbii ehtiyaclarını bir-birlərinin üzərinə etdirildiyi haqda iddialar var.
Çarmıx və başqa dəhşətlər
Gənc fəal İlkin Rüstəmzadə də bir neçə il əvvəl adı çəkilən 13 saylı cəzaçəkmə müəssisəsində saxlanıb. O iddia edir ki, bugünlərdə məhbusların qandalla bir-birinə bağlanmaları, çarmıxa çəkilmələri və başqa ağır işgəncələrə məruz qalmalarına dair məlumatlar alır.
İlkin Rüstəmzadənin bu xəbəri sosial şəbəkələrdə yaymasından sonra Penitensiar Xidmət məlumat verdi ki, işgəncə iddialarının əsası yoxdur.
Ombudsman Aparatının Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə bildirir ki, bu xəbər yayılar-yayılmaz 13 saylı cəzaçəkmə müəssisəsində olublar:
“Bizim əməkdaşlarımız öncədən xəbərdarlıq etmədən həmin müəssisədə olublar. Məhbuslarla görüşüb, onlara dəqiqləşdirici suallar veriblər. Amma bu məlumat öz əksini tapmayıb. Biz həbsxanalara sadəcə gedib, çıxmırıq. Bəzən elə olur ki, bir cəzaçəkmə müəssisəsində hadisənin araşdırılması 3 gündən çox vaxt çəkir. Biz gördüyümüz kompleks tədbirlər nəticəsində bu cür neqativ halların qarşısı alınır”.
Buna da bax: 'Məni dəmir boru ilə döydülər, zorla səsimi yazdılar'
13 saylı cəzaçəkmə müəssisəsinə Çingiz Yunusov rəhbərlik edir. O, həmin vəzifəyə bu ilin mayında təyin olunub.
Keçmiş məhbus İlkin Rüstəmzadə deyir ki, bu məlumatı sosial şəbəkələrdə yayandan sonra məsələni araşdırmaq əvəzinə, bu haqda mənə kimin məlumat verdiyini aydınlaşdırmağa çalışıblar:
“Mən 13 saylı cəzaçəkmə müəssisəsində olduğum vaxt da dəhşətli işgəncələrin şahidi olurdum. Hər dəfə Ombudsman Aparatından, Qırmız Xaç, Əldiyyə Nazirliyinin yanında yaradılmış vətəndaş cəmiyyəti nümayəndələri guya gəlib, hadisəni araşdırdırdılar. Onların gəlişi formal xaraketerli idi. Bütün işgəncə və digər qanun pozuntularına göz yumurdular. İndi də eynisi təkrarlanır. İşgəncə faktını araşdırmaq, günahkarları cəzalandırmaq əvəzinə bu xəbəri kimin ötürdüyünü axtarırlar”.
2019-cu ilin iyunun 11-də 13 saylı cəzaçəkmə müəssisəsində məhkum Mikayıl Dəmirlinin özünü ülgüclə kəsdiyi haqda məlumat yayılmışdı. Onun anası oğlunun intihar cəhdinə döyülmə və qeyri-insani rəftarın səbəb olduğunu bildirmişdi. Penitensiar Xidmət bu məlumatı da təkzib etmişdi.
Buna da bax: 'Məhbuslar çarmıxa çəkilir' iddiasına Penitensiar xidmət 'bu çox absurd iddiadır' deyir
Yeni rəis gələndən işgəncələr kəskinləşib
Son vaxtlar geniş ictimai qalmaqal döğurmuş Gəncə və Tərtər işləri ilə bağlı keçirilən məhkəmə proseslərində də məhbuslar ağır işgəncələrə məruz qaldıqlarını deyiblər.
Sonuncu işgəncə xəbəri gələn 13 saylı müəssisədə 3 il cəza çəkmiş keçmiş məhbus Bayram Məmmədov deyir ki, yeni rəis gələndən işgəncələr daha da kəskinləşib. Onun iddiasına görə, rəisin əmri ilə məhbusları yerə uzadılır, dəyənək ilə döydürülür, bu da telefonunla kamera çəkilir.
Bununla bağlı məlumatında Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının və qanuni mənafelərinin etibarlı qorunması daim diqqət mərkəzindədir:
“Son məlumatlarla əlaqədar, Penitensiar Xidmətin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyinin məsul əməkdaşları, İctimai Komitənin üzvləri 13 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar. Deyilənlər öz təsdiqini tapmayıb. Sosial şəbəkələrdə bəzi şəxslərin öz maraqlarına uyğun belə böhtan xarakterli məlumatların yaymaq cəhdləri ictimaiyyətdə Penitensiar Xidmətin fəaliyyəti ilə bağlı mənfi rəy yaratmaq məqsədləri güdür”.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin fikrini öyrənməyə çalışıb:
Sizin brauzer HTML5-i dəstəkləmir
Bütün dünya iddia edir – Azərbaycan hakimiyyəti danır
Azərbaycanda işgəncələrlə bağlı müstəqil araşdırmalar aparan Siyasi Məhbusların Müdafiə Mərkəzinin əməkdaşı Oqtay Gülalıyev isə deyir ki, bu cür qapalı müəssisələrdə baş verənləri öyrənmək çox çətindir. Onun sözlərinə görə, bu məsələyə ictimai nəzarət yoxdur. Ictimaiyyətə isə bəlli olan həbsxanalarda baş verənlərin çox kiçik hissəsidir:
“Çox təəssüflər olsun ki, həbxsanalarda işgəncə faktlarını araşdıra bilən müstəqil tərəf yoxdur. Çünki hökumət bu sahəni sıradan çıxırıb, həbsxanalara gedə bilən, hadisəni yerində araşdıra bilənlər isə müstəqil deyil. Hökumətə yaxın adamlar və ya qurumlardır”.
Buna da bax: Gəncə işi: 'Məni ratsiyanın arxasıyla, dəyənəklə, stul ayaqlarıyla dِöyürdülər'
Oqtay Gülalıyev deyir ki, onlar yalnız məhbusların yaxınlarının verdiyi məlumatlar əsasında və ya məhkəmə proseslərində ifadələr əsasında işgəncə hallarını öyrənə bilirlər.
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatında da Azərbaycan həbsxanalarda işgəncələrə görə tənqid olunur.
Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin 2004-2017-ci illər ərzində Azərbaycana etdiyi 6 səfərinin hesabatında isə bildirilir ki, Azərbaycanda polis və digər hüquq-mühafizə orqanlarının tətbiq etdiyi işgəncə və digər qeyri-insani rəftar, buna görə cəzasızlıq mühiti sistematik olaraq qalır.
Amma Azərbaycan hökuməti bu cür iddialarla razılışmır.