Azərbaycan Rusiyanın nəzarətinə keçir, yoxsa baş verənlər xaosdur?

Sizin brauzer HTML5-i dəstəkləmir

Yeni güc nazirləri: Vilayət Eyvazov və Əli Nağıyev kimdir?

Hakimiyyətdaxili mübarizə, ABŞ və İran arasındakı gərginlik, Rusiyanın təsiri, yoxsa kadr islahatı...

Bunlar prezident İlham Əliyevin ötəngünkü sərəncamını şərh edən ekspertlərin ən çox səsləndiridiyi fikirlərdir. Təhlilə keçmədən əvvəl qısaca xatırladaq ki, iyunun 20-də, 25 ildir ki Azərbaycanın daxili işlər naziri olan 70 yaşlı Ramil Usubov vəzifəsindən azad edilib. Bu posta onun müavini Vilayət Eyvazov təyin olunub.

Ramil Usubov da işsiz qalmayıb. O, prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Əvvəllər bu postu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tuturdu.

Prezidentin daha bir sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin də işi dəyişib, o müdafiə sənayesi naziri təyin edilib.

Təhlükəsizlik Xidmətinin yeni rəisi postuna isə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olan Əli Nağıyev gətirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramil Usubov işdən çıxarıldı, yeni təyinatlar var

Güc strukturlarındakı bu yerdəyişmələri əsas müxalifət partiyaları tənqidlə qarşılayır. Sosial Şəbəkələrdən seçmələr:

Qubad İbadoğlu Demokratik Rifah Hərəkətinin sədri:

“Açıq-aşkar görsəndi ki, ölkədə struktur və kadr dəyişiklikləri proqram və strateji məqsədlərə deyil, subyektiv yanaşmalara və şəxslərə xidmət edir. Son təyinatlarda Rusiya gücünü bir daha nümayiş etdirdi və göstərdi ki, bu sahədə təyinatlar Kremlin razılığı olmadan mümkün deyil”.

Real Partiyasının Məclis üzvü Azər Qasımlı: Bugünkü təyinatların əsas iki nəticəsi var. Dövlət idarəçiliyində xaosdur və güc strukturları Rusiyanın nəzarətinə keçdi. "İslahat, müasirlik, dövlətçilik, müstəqillik" anlayışları Əliyev iqtidarı üçün yaddır.

AXCP sədri Əli Kərimli:

“Nəticə etibarilə heç kim vəzifəsini itirmədi, komandaya yeni adam da gəlmədi. Yeri dəyişdirilən şəxslər uzun illərdir ki, müxtəlif güc strukturlarına rəhbərlik edirlər. Toplananların yerini dəyişməklə cəm dəyişməz”.

Müsavat Ali Məclisinin üzvü Elman Fəttah:

“Ramil Usubovun ən sadiq adamı, polis sisteminin qəddar idarəetmə üzrə ən "peşəkar" fiquru Vilayət Eyvazovun Daxili işlər naziri, sələfi ilə müqayisədə daha da sərt idarəetməyə meylli Əli Nağıyevin isə DTX rəhbəri təyin edilməsi göstərir ki, hakimiyyət daha da sərtləşmək niyyətindədir”.

Buna da bax: Yeni vəzifə təyinatlarına reaksiyalar

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, bu kadr dəyişikliyi hakimiyyətdaxili mübarizənin nəticəsi ola bilər. O, meydan.tv-yə müsahibəsində deyib ki, belədirsə, onda indiki mərhələdə Ramiz Mehdiyev xətti güclənib.

Ərəstun Oruclunun ikinci ehtimalı isə odur ki, İranla ABŞ arasındakı gərginliyə görə Rusiya Azərbaycanda güc strukturlarını möhkəmləndirməyə ehtiyac görə bilər. Çünki Azərbaycan həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə ölkədir. ABŞ İrana qarşı hər hansı əməliyyatlara başlasa, Rusiya qoşunlarının quru yolla keçə biləcəyi yeganə ərazidir. Onun fikrincə, hər iki ehtimalda Rusiya amili qaçılmazdır.

Hakim Yeni Azərbaycan Partiyasının siyasi Şurasının üzvü Ağabəy Əsgərov isə səslənən ehtimalları əsaslı saymır. Deyir ki, Azərbaycan hökuməti daxilində hansısa qruplaşmalar yoxdur, vahid müstəqil siyasət xətti var:

“Bu təbii kadr islahatlarıdır. Kadrların cavanlaşdırılması prosesi gedir. Bəlkə 90-cı illərin əvvəlində ölkənin siyasi kursuna xarici müdaxilələr ola bilərdi. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra müstəqil siyasət yürüdülür, Azərbaycan öz taleyini özü həll edir. Özümüz, özümüzə rəhbər seçirik. Bizim dövlət, bizim hakimiyyət heç kimin “oyuncağı” deyil”.

AXC dövründə öncə baş nazirin müavini, sonra Rusiyada səfiri işləyən politoloq Hikmət Hacızadə deyir ki, bu dəyişikliklər onun üçün gözlənilməz olub. O düşünür ki, heç hakimiyyət özü də nə etdiyini bilmir. Prezident 5 ay öncə ləğv etdiyi Müdafiə Sənayesi Nazirliyinə yeni rəhbər təyin edir. Bu ilin yanvarında yeni yaradılan AzərSilah ASC-ni isə 5 ay sonra ləğv edir:

“Nəsə bizim üçün çox qaranlıq oldu bu məsələlər. Mədət Quliyevi niyə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi postundan uzaqlaşdırıldı? Halbuki, o da sistemə layiq, etibarlı biri kimi tanınırdı. Ölkəni idarə edən komandanın daxilində hansı proseslər gedir, hansı siyasətlə ölkə idarə olunur heç kimin xəbəri yoxdur”.

Bəs, bu təyinatlardan sonra həmin orqanların işində hansı dəyişikliklər ola bilər?

Hikmət Hacızadə Dövlət Təhlükəsizlik Xidmətində hansısa dəyişiklərin olacağını cavablaya bilmir. Amma düşünür ki, Daxili İşlər Nazirliyində hər hansı dəyişiklik, yenilik gözləmir. Deyir ki, Vilayət Eyvazov Ramil Usubovun etibarlı adamı olub, eyni idarəetmə yolunu da davam etdirəcək.

Biz müzakirələrimizdə sadə vətəndaşların da səsini eşitdirməyə çalışmışıq. Bakı küçələrində rastımıza çıxanlardan soruşmuşuq ki, sizcə, polis orqanlarında nələrin dəyişməsinə ehtiyac var:

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramil Usubovun yerinə Vilayət Eyvazov gəldi, polisdə nələrin dəyişməsini isdərdiz?

Hakim Yeni Azərbaycan Partiyasının rəsmisi prezidentin qərarını kadr islahatı kimi dəyərləndirsə də, bir çox müstəqil ekspertlər bununla razılaşmır. Əsl səbəb kimi hakimiyyətdaxili savaş, hakimiyyətdə Rusiya yönümlü qüvvələrinin gücünün artırılması, İran və ABŞ arasındakı gərginliyə görə atılan addım kimi səciyyələndirirlər. Amma prosesin hələ davam edəcəyi gözlənilir.