Ağ Evin keçmiş müşaviri Konqres komitəsində ifadə verməkdən boyun qaçırıb

Don McGahn

Ağ Evin keçmiş vəzifəli hüquq müşaviri prezident Donald Trump-ı araşdıran Konqres komitəsinin qarşısında ifadə verməkdən imtina etməklə Trump administrasiyası ilə demokrat millət vəkilləri arasında davam edən qarşıdurmanı daha da dərinləşdirib.

Don McGahn-ın mayın 21-də Konqersin Ədliyyə Komitəsindəki dinləmədə iştirakdan imtina etməsindən əvvəl Trump keçmiş müşavirinə çağırışa əməl etməməyi və komitənin suallarını cavablandırmamağı tapşırmışdı.

Ədliyyə Komitəsi Trump-ın maliyyə və biznes işlərini təftiş edən bir neçə Konqres komitəsindən biridir.

Bundan başqa xüsusi prokuror Robert Mueller 2016-cı il ABŞ seçkisinə Rusiyanın müdaxiləsini və prezident tərəfindən ədalətə maneçilik törədilib-törədilməməsini araşdırırdı.

Buna da bax: ABŞ Konqres komitəsi baş prokurordan Rusiya hesabatının tam mətnini tələb edir

Ağ Ev mayın 20-də Ədliyyə Nazirliyinin rəyinə istinad edərək bildirib ki, komitənin oktyabr ayında istefaya getmiş McGahn-ı dindirmək hüququ yoxdur.

Konqres demokratları məsələnin belə qoyuluşunu qəbul etmirlər.

Ədliyyə Komitəsinin demokrat sədri Jerry Nadler dinləmənin əvvəlində deyib:

“Bu komitə kiməsə, hətta prezidentin baş müşavirinə də çağırış göndərirsə, o şəxs bura gəlməlidir. Bizim çağırışlarımızın icrası könüllü deyil. Cənab McGahn-ın bu dinləməyə gəlməsi onun hüquqi vəzifəsidir”.

Lakin həmin komitənin vəzifəli respublikaçı üzvü Doug Collins deyib ki, Nadler dinləmənin qapalı keçirilməsi də daxil McGahn üçün münasib variant təklif etməyib. O Nadleri “xəbər başlıqlarına çıxmaq” niyyətində ittiham edib.

Mueller hesabatının ötən ay açıqlanmış redaktəli variantında ABŞ kəşfiyyatının Rusiyanın Amerika seçkisinə müdaxiləsinə dair qiymətləndirməsi təsdiq edilib, habelə Trump-ın ədalətə mane olmaq cəhdləri sənədləşdirilib.

Lakin Mueller-in gəldiyi nəticəyə görə Trump və ya onun komandasının Rusiya rəsmiləri ilə sövdələşməyə girməklə cinayət törətdiklərinin isbatı üçün kifayət qədər sübut olmayıb. Buna baxmayaraq hesabat Trump-ı və onun yoldaşlarını təmizə də çıxarmayıb.

Mueller-in hesabatı açıqlandıqdan sonra Nümayəndələr Palatasının komitələri öz təhqiqatlarına başlayıblar.

Onlar administrasiyanın müxtəlif üzvlərini and altında ifadə vermək üçün dəvət edirlər.