Azərbaycanda təhsilin magistratura pilləsinə nə qədər maraq var? Məsələn, Dövlət İmtahan Mərkəzinin mətbuata açıqlamasından məlum olur ki, keçən il magistraturaya sənəd verənlərin sayı təxminən yarıbayarı azalıb.
Beləki, 2016-cı ildə təqribən 24 min bakalavr magistratura üçün sənəd vermişdisə, 2017-ci ildə bu rəqəm 13 min nəfər civarında, 2018-ci ildə isə 12 min civarında olub.
Keçən ilə qədər isə magistraturaya sənəd verənlərin sayı demək olar ki, sabit qalırdı.
Dövlət İmtahan Mərkəzi bildirir ki, sənəd verənlərin sayı azalsa da, qəbul planının dolma yerləri illər üzrə sabit qalır- təxminən 75-80 faiz. Bu il isə qəbul yerləri 75 faiz dolub.
3 manatdan 50 manata
Son iki ildə magistraturaya sənəd verənlərin sayının azalmasının bir səbəbi kimi o göstərilir ki, qəbul üçün ərizənin verilməsi bahalaşıb, 3 manatdan 50 manata qalxıb.
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin sədri Kamran Əsədov deyir ki, bu amil, magistraturaya sənəd verənlərin sayına təsir edib:
“Nəzərə alsaq ki, imtahandan keçmənin qarantiyası olmadığına görə, insanlar bunu etmək istəmirlər. Bu, birinci səbəbdir. Magistratura təhsilinə qəbulda xidmət haqqının kəskin artması müraciət edənlərin sayının kəskin azalmasına təsir göstərib”.
Amma sabiq təhsil naziri Mikayıl Cabbarov keçən il müsahibəsində bunu müsbət hal kimi qiymətləndirmişdi, demişdi ki, ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı əvvəlki ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb.
Nazir bildirmişdi ki, bu, ali təhsildə keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.
Avropada pulsuz, Azərbaycanda pullu
Dövlət İmtahan Mərkəzi isə bildirib ki, keçən il imtanan verənlərin sayı azalsa da, imtahanda daha hazırlıqlı bakalavrlar iştirak ediblər və onların ümumi nəticələri daha yüksəkdir.
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin sədri Kamran Əsədov isə deyir ki, Azərbaycanda magistratura təhsili daha az əlçatandır:
“Azərbaycanda təhsil haqları kifayət qədər bahadır. Nəzərə alsaq ki, Azərbaycanda magistratura pilləsinin 72 faizi ödənişli əsaslarladır və yalnız 28 faizi ödənişsizdir, bu da kifayət qədər az plan yeridir və magistratura pilləsində ödənişsiz təhsil almaq üçün çox yüksək bal tələb olunur. İnsanlar dörd il bakalavr pilləsində ödənişli əsaslarla oxuyurlar və valideynlər onların pulunu ödəyir, magistratura pilləsində isə bunu ödəyə bilmirlər”.
Avropanın bir çox ölkələrində dövlət dilində həm bakalavr, həm də magistr təhsili tamamilə pulsuzdur.
Azərbaycanda magistratura təhsili nə qədər əlyetərlidir. Təhsil Araşdırmaları Mərkəzinin sədri Kamran Əsədov deyir ki, magistraturaya marağı azaldan səbəblərdən biri də budur ki, gənclər daha iki il təhsil alarlarsa, daha yaxşı iş tapacaqlarına ümid etmirlər, əmək bazarı onların bu diplomuna önəm vermir.
AzadlıqRadiosu bu mövzuda Bakı sakinləri arasında sorğu keçirib:
Sizin brauzer HTML5-i dəstəkləmir
Şimali Kiprə üstünlük verirlər
Şimali Kiprdəki Doğu Akdeniz Universitetinin məzunu Toğrul İsmayılov deyir ki, bir neçə il əvvəl, Bakıda magistraturaya qəbul olunsa da, orda oxumayıb, üz tutub xaricdə təhsil almağa:
“Əslində, mən burda magistraturaya qəbul olmuşdum, amma bakalavr təcrübəmdən mənə məlum idi təhsilin səviyyəsi, ona görə də istəmirdim burda oxumaq. Yayda ancaq Kipr Universitetləri sənəd qəbul edirdi, ona görə də ora sənəd verdim və keçdim. Ordakı təhsil burdakından çox fərqli idi. Burda iqtisadiyyatı yalnız kitabdan öyrənirdiksə, orda əsl iqtisadiyyatı gördüm, tamam fərqli təhsil gördüm”.
Toğrul İsmayıl deyir ki, o, bu təhsil üçün təxminən Bakıdakı qədər təhsil haqqı ödəyib, amma qat-qat yaxşı təhsil alıb.
Vyana Universitetinin doktorantı Tinay Müşdüyeva deyir ki, Azərbaycanda təhsil bahalıdır, amma istənilən keyfiyyətdə deyil. Onun sözlərinə görə, Qərb ölkələrinin universitetləri Azərbaycanın bakalavr diplomunu qəbul edirlər deyə, son illərin tendensiyası budur ki, məzunlar diplomlarını götürüb, xaricdə təhsillərini davam etdirməyə üstünlük verirlər.
Azərbaycan dövləti özü də xaricdə oxumağın tərəfdarıdır, bununla bağlı dövlət proqramını 2007-2015-ci illərdə maliyələşdirib.
Dövlət rəsmiləri təhsildə daim islahat apardıqlarını desələr də, təhsil haqlarının azaldılması barədə hər hansı açıqlama olmayıb, AzadlıqRadiosu bununla bağlı Təhsil Nazirliyinə göndərdiyi sorğusuna gün ərzində cavab ala bilməyib.