Bakı-Astara İpək yolu eyniadlı köhnə yoldan 60 kilometr qısadır. Orada dəmiryol da var. Dəmiryol vasitəsilə İrana yüklər daşınsa da, koronavirus pandemiyasına görə bəzi marşrutlar üzrə sürət qatarları istisna olmaqla ölkə daxilində sərnişin qatarları 2020-ci ildən işləmir. Halbuki Dünya Səhiyyə Təşkilatı artıq pandemiyanın arxada qaldığını açıqlayıb...
Köhnə Bakı-Astara yolundan fərqli olaraq yeni yolda restoranlar, yeməkxanalar azdır. Cəmi iki yerdə yeməkxana, üç yerdə polis postu var...
"Gündən-günə bahalaşma gedir"
Adının çəkilməsini istəməyən bir sürücünün deməsinə görə, hər gün Astara rayonundan Bakıya gedir və qayıdır: "Şəxsi avtomobilimdir, adambaşı 15 manata aparıram. Amma Bakıya işləyən avtobuslar sərnişinləri adambaşına 10 manata aparırlar, 8 manata aparan da var. İranla quru sərhədi bağlıdır, ona görə sərnişin azdır. Sənədlərim yerindədir. Elə də çox qazanc qalmır. Gündən-günə bahalaşma gedir".
Onun deməsinə görə, avtomobilin təmirinə çox pul gedir: "İpək yolu rahatdır. Bəzən polis postunda saxlayıb sənədləri yoxlayırlar. Köhnə yolda fərqli idi, keçdiyin hər bir rayonun ərazisində saxlayırdılar".
"Aptek, tibb məntəqəsi görmürük"
Sərnişinlər yolboyu bahaçılıqdan şikayətlənirlər. Adının çəkilməsini istəməyən ortayaşlı bir qadın belə gileylənir: "Sular bahadır. Bahaçılıqdır. Aptek, tibb məntəqəsi də görmürük...".
"Yanacaq bahalaşmamışdan əvvəl yaxşı pul qalırdı"
Yük maşınında mişar daşı daşıyan və adının çəkilməsini istəməyən bir sürücü də deyir ki, hər reysdə min 200 daş aparır. Onun sözlərinə görə, karxanadan bir mişar daşını 35 qəpiyə alırlar: "70-80 ədəd mişar daşını isə bizə bağışlayırlar. Mişar daşının qiyməti məsafədən asılı olaraq dəyişir. Astarada bir mişar daşı 65 qəpikdən 70 qəpiyə qədərdir. Lənkəranda bundan ucuzdur. İndi tikinti mövsümüdür. Az-çox daşa tələbat var. Elə vaxtlar olur ki, ayda bir dəfə daş aparırıq. Çox az qazanc qalır. Ötən il yanacaq bahalaşmamışdan əvvəl yaxşı pul qalırdı. Maşını təmir edə bilirdik. İndi yox".
"Çalışırıq ki, yeməyə az pul xərcləyək"
Bakı ətrafında daş karxanalarının birində fəhlə işlədiyini söyləyən bir şəxs də dolanışığın çətinliyindən gileylənir: "Orada yerlər var, dörd-beş nəfər bir otaqda gecələyirik. Çalışırıq ki, yeməyə az pul xərcləyək. Kənd uşaqlarıdır, kasıblardır, qara fəhləyik. Fəhlələr hər dəfə təzələnir. Bu işdə uzaqbaşı dörd-beş il işləmək olur, ondan sonra beldə yırtıq əmələ gəlir".
O, qabarlı əllərini göstərir və deyir ki, üç uşaq atasıdır: "Məktəblidirlər. Rayonda yaşayıram. İş olsa, daş karxanasında nə işim var? Torpağımız var, əkirik, amma qazanc bəs etmir. Ona görə daş işinə gedirəm. Onda da qazanc bir elə çox olmur".