Prezident: 'Ermənistana bir sıra təkliflər irəli sürmüşük…'

İ.Əliyev

"Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq".

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün, noyabrın 4-də VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.

Prezidentin vurğulamasına görə, əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb: "Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər".

2020-ci ildə, 44-günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Qlobal Bakı Forumu

VIII Qlobal Bakı Forumu başlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Noyabrın 6-dək davam edəcək Bakı Forumunda dünyanın 40-dan çox ölkəsinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbir hibrid formatda təşkil edilib.

Panel iclaslarda "COVID-19-dan sonra yaranan yeni dünya nizamı", "Yeni dünya iqtisadiyyatı", "Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları", "İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması", "Səhiyyə və insanların peyvənd edilməsi" və başqa mövzularda müzakirələr aparılacaq.

Xatırlatma

Bakıda ilk belə Forum 2013-cü ilin 7–8 may tarixində keçirilib. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, Dağlıq Qarabağ və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmuşdu.