Prezident: 'Qarabağda yaşayan ermənilərin həyatı… daha yaxşı olacaq'

X Qlobal Bakı Forumu

"Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır".

AZƏRTAC-ın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı hesab edir ki, bu, güclə dəyişdirilə bilməz: "Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir".

Onun vurğulamasına görə, Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyada qorunur: "Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq".

Forumda bir sıra dövlət, hökumət başçıları, siyasətçilər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir. İlk belə Forum Azərbaycanda 2013-cü ildə keçirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Araik Arutyunyan: 'Azərbaycan bizə ultimatum verib'

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Azərbaycan rəsmiləri Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Qarabağ məsələsi sülh sazişi layihəsinə salınmamalıdır. Amma Ermənistan rəsmiləri Qarabağın təhlükəsizliyini də önə çəkirlər. Onlara görə, ərazi bütövlüyü ilə yanaşı, milli müqəddəratın təyin edilməsi prinsipi də əsas götürülməlidir.

Ötən həftə Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqladı. Lakin orada tanınmayan qurumun təmsilçiləri görüşdən sonra iddia etdilər ki, müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.