Bakı İrana gedənlərə xəbərdarlıq edir

İran, arxiv foto

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana səfərlə bağlı xəbərdarlıq edir.

Nazirliyinin iyunun 3-də yaydığı "səyahət xəbərdalığı"nda qeyd olunur ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçilik nəzərə almalı və zərurət olmadığı halda İrana səfər edilməməlidir.

"...səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur." -nazirliyin xəbərdarlığında deyilir.

XİN hazırda İranda olan Azərbaycan vətəndaşlarından da tələb edir ki, mühafizə və təhlükəsizlik qaydalarına riayət etsinlər.

Buna da bax: İranda Azərbaycanla bağlı məxfi sənədlərin yayıldığı deyilir

Xatırlatma

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.

Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Amma Azərbaycanın İrandakı konsullugu fəaliyyətini davam etdirir.

Buna da bax: Tehranda səfirliyin bağlanması: 'Özümüzü yetim kimi hiss edirik'