Tez-tez tənqidlərə tuş gələn rəsmilərdən biri - Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.
Prezidentin sərəncamı ilə o, baş nazirin müavini təyin edilib. Bəs, Abutalıbovu şəhər rəhbəri postunda əvəz edəcək şəxsdən gözləntilər nədir? Bakı şəhər icra Hakimiyyətində hansı islahatlara ehtiyac var?
"ABUTALIBOVU KİMİN ƏVƏZ ETMƏSİNİN ƏHƏMİYYƏTİ YOXDUR"
Şəhərsalma üzrə ekspert Fuad Cəfərli düşünür ki, icra hakimiyyətində gerçək islahatlar yalnız köklü dəyişiklərdən keçir. Onun fikrincə, Bakı şəhər İcra Hakimiyyətinin statusu dəyişdirildikdən sonra hansısa islahatlardan danışmaq olar:
"Azərbaycan Avropa regionunda yeganə dövlətdir ki, hələ də onun seçkili meri yoxdur. Bütün problemlər də burdan başlayır. Hələ də Bakı şəhər icra hakimiyyəti mərkəzi icra hakimiyyətinin qurumu kimi fəaliyyət göstərir. Bakı şəhər icra hakimiyyətinin xüsusi statusu yoxdur. Belə olduğu müddətcə də problemlər qalacaq. İdarəetmə forması həlli vacib olan məsələlərdəndir. Hər bələdiyyə seçkilərindən öncə gözləyirik ki, vahid, seçkili orqan yaradılması ilə bağlı qərar verilsin".
Fuad Cəfərli bütün bu sadalanan problemlər həllini tapmayınca yeni icra başçısının kim olacağının bir əhəmiyyətini görmür.
Fuad Cəfərlinin Bakı üçün təklifləri:
1. Bakı şəhər icra hakimiyyətinin statusu dəyişdirilsin.
2. Bakı şəhərində vahid yerli özünüidarə etmə orqanı - bələdiyyə institutu yaradılsın.
3. Səlahiyyətlər konkretləşdirilsin. Başqa dövlət qurumları ilə üst-üstə düşən səlahiyyətlər bölünsün.
4. Yerli gəlirlər və vergilərin siyahısı hazırlansın.
5. Yerli büdcə şəffaf və hesabatlı olsun.
6. İdarəetmədə vətəndaşların iştirakı təmin edilsin.
Fuad Cəfərli bildirir ki, bütün bu məsələlər həllini taparsa, islahatlardan danışmaq olar.
"16 MİLYONLUQ ƏHALİSİ OLAN İSTANBULU BƏLƏDİYYƏ İDARƏ EDİR"
Milli Məclisin regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli isə yeni başçının kimliyi məlum olduqdan sonra gözləntilərdən danışmağı daha doğru hesab edir. Millət vəkili də düşünür ki, Bakının bələdiyyə sistemi vasitəsilə idarə olunması, səlahiyyətlərinin artırılması vacibdir:
"Bakı şəhər icra hakimiyyətinin fəaliyyətinə rəvac verən yeni bir Bakı meri üçün qanunlar qəbul olunacaqsa, onun fəaliyyət dairəsi genişlənəcəksə, səlahiyyətləri artırılacaqsa fərq o zaman ola bilər. Yoxsa, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri və hüdudları çərçivəsində bir Bakı meri yaradılacaqsa o zaman bir dəyişiklik olmayacaq. Necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir. Bütünlüklə böyük bir İstanbulu, 16 milyon əhalisi olan bir şəhəri bələdiyyə idarə edir".
Fəzail İbrahimli bildirir ki, Azərbaycanda da Bakı şəhər İcra Hakimiyyətinin ləğv olunub, bütün bu səlahiyyətlərin yerli bələdiyyələrə verilməsi haqda geniş müzakirələr aparılıb. Onun sözlərinə görə, ötən 18 ildə Azərbaycan hökuməti bu sahədə xeyli işlər görüb. Bələdiyyələrlə bağlı qanunvericilik təkmilləşdirilib, yeni qərarlar qəbul edilib. Prosesin yekunlaşması isə artıq ölkə rəhbərliyinin qərarına bağlıdır.
Bəs, Bakı sakinləri şəhər icra hakimiyyətindən işi haqda nə fikirləşirlər. Onların hansı işindən razı, hansılardan narazıdılar. Bakı sakinlərinin fikirləri aşağıdakı videoda:
Sizin brauzer HTML5-i dəstəkləmir
Sorğuda diqqət çəkən daha məqam var. Bir çox ölkələrdə əsas idarəetmə funksiyasını icra edən bir qurum haqda Bakı sakinləri danışarkən daha çox təmizlik və ya digər kommunal xidmətləri xatırlayırlar.
Bir çox müşahidəçilər, bundan öncə avropalı və yerli ekspertlər də Bakı şəhər İcra Hakimiyyətinin ləğvini təklif ediblər.
Azərbaycan Avropa Şurasına qoşulduqdan sonra üzərinə götürdüyü öhdəliklərdən biri də paytaxt üçün seçkili, vahid yerli idarəetmə formasının yaradılması olub. Lakin 17 ildir ki, bu öhdəliyə əməl olunması yubanır.