Bakı-Quba-Rusiya avtomobil yolunda təmir başlayıb

arxiv foto

Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 132 km-lik Bakı-Gəndov hissəsində təxirəsalmaz və kompleks tədbirlərə start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər.

Agentli hesab edir ki, yolun adı çəkilən hissəsində belə vəziyyət yaranmasına səbəb orada yol verilən konstruktiv səhvlər, əsasən də Quba-Bakı istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının hərəkətidir.Qurumdan hesab edirlər ki, bütün bunların nəticədə yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb. “Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır. Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır: İşlər yolun 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir”, Agentlikdən qeyd ediblər.

Xatırlatma

Bu yol 2008-ci ildə çəkilib.Yolun açılışı zamanı onun istismar müddətinin 25-30 il olduğu vurğulanmışdı.Ancaq keçən bu illər ərazində yolun ayrı-ayrı ərazilərində əsaslı təmir işləri aparılıb.

Prezident İ.Əliyev təkcə 2018-ci il fevralın 19-da H.Z.Tağıyev qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolunun tikintisinə 150 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.

İqtisadçı Natiq Cəfərli həmin vaxt demişdi ki, hazırkı Bakı-Quba yoluna 650 mln. dollar ( Həmin vaxt və indi 1 dollar 1 manat 70 qəpiyə bərabərdir. Amma 2008-ci ildə 1 manat təqribən 80 qəpik olub) xərclənib.“Yola 25 il zəmanət verilmişdi, amma son 10 ildə yolun ayrı-ayrı hissələri 14 dəfə bağlanıb. Son 15 ilin iri infrakstruktur layihələrinə qoyulan milyardlarla vəsait keyfiyyət dəyişikliyinə səbəb olmadığına, ayrılan vəsaitin bir qismi korrupsiya ilə həzm edildiyinə görə artıq həmin başa çatmış layihələrin saxlanması daha baha başa gələcək”, deyə o qeyd etmişdi.

Ancaq Azərbaycan rəsmiləri ölkədə korrupsiya ilə bağlı tənqidləri əsaslı saymırlar.