Dekabrın 6-da saat 16:40 radələrində Bakıda Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın başlayıb.
DSX-nin saytında yer alan məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də hadisə yerinə gəlib.
Əraziyə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları da cəlb edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan" Agentliyinə verilən xəbərə görə, hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.
Fövqəladə Hallar Nazirliyi isə saat təqribən 18 radələrində bildirib ki, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Dövlət Sərhəd Xidmətinin açıqlamasına görə, yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.