Bakıda 'Siyasi Rep­ressiya Qurbanları Muzeyi' açılıb 

Dövlət Sərhəd Xidməti (DSX) Aparatının inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.

Bu barədə DSX-nın bu gün, mayın 25-də yaydığı məlumatda bildirilir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çıxış edib.

O, deyib ki, ötən əsrin 20-ci illərindən başlayaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir.

Elçin Quliyev vurğulayıb ki, 1920-1950-ci illərdə bu qalın divarlar arxasında xalqın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütəfəkkirlər, elm, mədəniyyət xadimləri fiziki, mənəvi məhvə məruz qalıblar.

Siyasi Repressiya Qurbanları muzeyinin açılışı, Bakı, Elçin Quliyev, 24 may 2019

“O illərin statistik rəqəmlərinə dərindən nəzər saldıqda, dövlətin repressiya məngənəsi altında nə qədər say-seçmə azərbaycanlının məhv edilməsi, nə qədər Vətən övladının gələcəyinin üzərindən xətt çəkildiyini təsəvvür etmək, həmin dövrün dəhşət doğuran həqiqətlərini dərk etmək mümkündür. Rəsmi rəqəmlərə görə 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək AzÇEKA tərəfindən 40 min soydaşımız məhv edilib, 1934-1938-ci illərdə Daxili İşlər Xalq Komissarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəzasına məhkum edilmişdir. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcraiyyə komitəsinin sədrləri, 57 zavod və mədən direktorları, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edilmiş, əksəriyyəti güllələnmişdir. Ümumiyyətlə, 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olmuş, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün edilmişlər”

Xatırlama

1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti iki il sonra, 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.1920-ci ildən 1991-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) tərkbində olub. Ötən əsrin 20-ci, əsasən də 30-cu illərində tək Azərbaycanda yox bütün SSRİ məkanında represiyalar aparılıb. Həmin dövr SSRİ-yə İ. Stalin rəhbərlik edib.

Zərifə Əlyeva küçəsində yerləşən bu bina vaxtilə “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD”-nin (Daxili İşlər Xalq Komissarlığı) və daha sonra isə DTK (Dövlət Thlükəsilzik Komitəsi ) binası olub. 2002-ci ildən burada Dövlət Sərhəd Xidməti yerləşir.