'Üç qardaş - 2021' təlimi ilə bağlı mərasim keçirilib

“Üç qardaş - 2021” təliminin açılış mərasimi, Azərbaycan, Bakı, 12 sentyabr 2021

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan mərasim keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Hikmət Mirzəyev tədbirdə çıxış edib.
Bildirildiyinə görə, O "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə mübadiləsi aparılması və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.

Buna da bax: Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

Daha sonra Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Məlumata görə, “Üç qardaş - 2021" beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, terrorla mübarizə üçün yeni üsulların tapılmasına və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqların inkişaf etdirilməsinə imkan yaradacaq.

İlk dəfə təşkil edilən "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.