Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidəki yanğın söndürülüb. Bu haqda FHN məlumat yayıb.
İlkin məlumata əsasən, 12 hektarlıq ərazinin 4 hektarında quru ot, kol-kos, ağaclar və məişət tullantıları yanıb.
Yanğının söndürülməsi 3 saat davam edib.
Bu haqda APA-ya danışan Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzovun sözlərinə görə, yanğının söndürülməsi işlərində 8 yanğınsöndürən maşın, 148 nəfərlik şəxsi heyət iştirak edib.
Ərazi hər tərəfdən magistral yollarla əhatə olunub, eyni zamanda, yaxınlıqdan magistral qaz xətti keçir və ictimai iaşə obyektləri yerləşir.
Əkbər Novruzov yanğın bölmələri tərəfindən ərazidən keçən magistral qaz xəttinin və ictimai iaşə obyektlərinin, eləcə də yaşıllıq zonanın qalan hissəsinin mühafizə edildiyini bildirib.
“Hazırda ərazidə quru kötüklərin tam söndürülməsi işləri gedir ki, yanğın yenidən alovlanmasın”.
O, yanğına sürücülər tərəfindən atılmış siqaret kötüklərinin səbəb ola biləcəyini ehtimal edir.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən "Ekologiya postu" adlanan ərazinin yaxınlığında ağaclıq yanır.
Fövqəladə hallar Nazirliyinin mətbuat xidmətindən “Turan”a verilən məlumata görə, əraziyə Yüksək Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
"Artıq yanğın məhdudlaşdırılıb və yaxın müddətdə tam söndürüləcək" - nazirlikdən bildirilir.
Sosila mediada yayılan fotolardan yanğının geniş ərazini əhatə etdiyi görünür.
FHN əlavə məlumat veriləcəyini deyir.