Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda ölkəiçi balıq bazarını araşdırıb. Rəsmi rəqəmlər son illər Azərbaycanda balıq ovu həcminin azaldığını göstərir. 2017-cı ildə ölkədə 63.8 min ton balıq tutulub. Sonrakı illərdə bu göstərici azalaraq ötənilki 59.9 min ton səviyyəsinə enib. Deməli, beş il içində təxminən dörd min ton həcmində azalmadan söhbət gedir. Tutulmuş balığın illərə görə 96-98 faizi fiziki şəxslərin payına düşür. Bu isə o deməkdir ki, bazarda əsas oyunçu mikrooyunçulardır.
Balıq istehsalında bu durumun əsas səbəblərindən biri balıqartırma müəssisələrinin sayca azalmasıdır. Ölkədə 2017-ci ilədək 12 balıqartırma müəssisəsi fəaliyyət göstərib. Sonrakı illərdə bu say 7-yə enib. Eyni dövrdə balıqların artırılmasına xərclənən vəsait də azaldılıb. Məsələn, 2017-ci ildə balıqların artırılıb qorunmasına 3.1 milyon manat xərclənmişdisə, 2021-ci ildə eyni rəqəm 1 milyon manata çatmayıb.
Balıq körpələrinin su hövzələrinə buraxılması da 2018-ci ildən bəri çox ciddi ölçüdə azalıb. 2017-ci ildə Azərbaycandakı su hövzələrinə 437 milyon vətəgə əhəmiyyətli balıq körpələri buraxılmışdı. 2018-ci ildə bu say 45 milyona enib. Sonrakı illərdə bu göstərici daha da azalıb və 2021-ci ildə cəmi 7 milyon olub.
Buna da bax: Balıqçılar qəsəbəsində sakinlər: 'Su çəkilib, balıq yoxdur'Ən çox hansı balıqlar ovlanır?
Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanda kvota üzrə ovlanan balıqlar arasında, əsasən, kilkə (siyənəkkimilər fəsiləsinə aid balıq növü – red.) ilk yeri tutur. Kvota üzrə ovlanan balıqların 63 faizi kilkədir. Kütüm (8 faiz), kefal və siyənək (hər ikisi altı faiz) ovu da ilk üçlükdədir.
Göl və nohurlardan ovlanan balıqlar arasında isə əsas pay çəki balığına aiddir. Ölkədə göl və nohurlarda ovlanan balığın 44 faizi məhz çəki balığıdır. Qızılxallı forel (21 faiz) və qalınalın (14 faiz) balıqları göl və nohurlarda ən çox ovlanan balıq növləri arasındadır.
KOBİA-nın araşdırmasına görə, Azərbaycanda ovlanmış diri balıq həcminin 98 faizi dağınıq şəkildə fəaliyyət göstərən fiziki şəxslərin payına düşür. Regionlarda heç bir dövlət və ya qeyri dövlət orqanı bu işin bölgüsünü aparmır. Bu baxımdan, araşdırma zamanı balıq ovunun regional bölgüsü KİV-də dərc edilən bilgilər, bazar iştirakçıları və ekspertlərin fikri əsasında hesablanıb. Həmin hesablamaya görə, ölkədə ovlanan diri balığın 36 faizi Şirvan-Salyan iqtisadi rayonunun payına düşür və bu bölgə balıq ovuna görə liderdir. Adıçəkilən iqtisadi rayonun tərkibinə Şirvan şəhəri, eləcə də, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları daxildir.
Diri balıq ovuna görə daxili bazarda ən çox paya sahib ikinci iqtisadi rayon Lənkəran-Astara (12 faiz), üçüncü isə Mil-Muğandır (9 faiz). Balıq yetişdirməklə daha çox Xəzər dənizi sahilində yerləşən bölgə və çayqırağı vətəqələrdə çalışan fiziki şəxslər məşğul olurlar.
Buna da bax: Balıqçı: 'Kürdə balıq azalıb, heç nə tuta bilmirəm'Balıq idxal və ixracı
Azərbaycanda balıq idxalı və ixracı ilə bağlı göstəricilərə baxdıqda aydın olur ki, ölkə balığın əsas idxalçısıdır. Azərbaycanda balıq idxalı, əsasən, İrandan gerçəkləşdirilir. Diri balıq olaraq, əsasən, forel və karp gətirilir. İxracsa yalnız qızılbalıqdan ibarətdir və onun da alıcısı yalnız Türkiyədir.
2021-ci ilin üzrə göstəricilərinə görə, ölkənin 444 tonluq diri balıq idxalının 402 tonu (91 faizi) İranın payına düşür. Növbəti iki yeri Gürcüstan (24 ton) və Türkiyə (17 ton) tutur. Dondurulmuş balıq idxalına görə ilk üç ölkə isə Rusiya, İslandiya və Yeni Zelandiyadır. Azərbaycana balıq filesi ən çox Çindən, qurudulmuş balıq Ukraynadan, konservləşdirilmiş balıq Rusiyadan gətirilir.
Ölkənin özünə gəlincə, rəsmi rəqəmlər göstərir ki, ölkədə tükədilən balığın əsas hissəsi təzə, dondurulmuş və ya soyudulmuş haldadır. Bu da o deməkdir ki, balıq, çox vaxt emal edilməmiş halda istehlak olunur. İxrac strukturuna baxılsa, Azərbaycandan sənaye üsulu ilə emal edilmiş balıq (məsələn, konservləşdirilmiş, duza qoyulmuş və ya hisə verilmiş) ixrac edilmir. Ölkə daxilində sənaye üsulu ilə emal edilmiş balıq daxildə istehlak edilir. Azərbaycanda emala yönəldilmiş balıq həcmi, hesablamalara əsasən, 4.4 tondur. Bu, bazar həcminin çox cüzi faizidir. Bu bazarda əsas istehlak idxal olunmuş məhsullar hesabına ödənilir. Azərbaycanda istehsal müəssisələrinin yüklənmə həcmi (balıq dondurma avadanlığından başqa), orta hesabla, 60 faiz civarındadır.
Buna da bax: Balıq ölkəsində balıq niyə bahadı?Bütün yuxarıda söylənilənlər nəzərə alınsa, Azərbaycanda sənaye üsulu ilə emala yönəlmiş balıq həcmi olduqca azdır və bu bazardakı böyük potensialdan yararlanmağa kəskin ehtiyac var.
Əhali tez-tezmi balıq yeyir?
KOBİA-nın araşdırması çərçivəsində balıq məhsullarının istehlakı ilə bağlı sorğu da keçirilib. Sorğuya qatılanların 57 faizi ayda, ən azı, bir dəfə balıq yediyini deyib. Daha 36 faiz respondentsə, təxminən, hər üç ayda bir dəfə balıq yediyini söyləyib. Respondentlərin 7 faizi üç aydan da uzun müddətdən bir balıq yediyini bildirib.
Araşdırmanın nəticələrinə görə, balıq istehlakı Azərbaycanda birbaşa fəsillərə bağlıdır. May-sentyabr aylarında balıq istehlakı azalır. Daha çox istehlak yanvar – mart və oktyabr – dekabr aylarında olur.
Sözügedən sorğuya qatılanların cəmi 44 faizi yerli balıq məhsullarının keyfiyyətindən razı qaldığını dilə gətirib. Respondentlərin 56 faizi yerli balıq məhsullarının keyfiyyətindən razı deyil.