Rusiyada Baykal-Amur Magistralının (BAM) Buryatiya sektorunda bir sutkada ikinci yük qatarı partladılıb.
Partlayış Severomuysk tunelindən yan keçən dəmir yolunda baş verib.
Bu tunelə noyabrın 29-da törədilmiş birinci partlayış zamanı ziyan dəymişdi.
Bəzi xəbərlərə görə hər iki partlayış Ukrayna Təhlükəsizlik Xidməti – SBU-nun işi ola bilər.
İkinci qatarın partladılması barədə xəbəri Mash teleqram kanalının İrkutsk redaksiyası, Baza saytı verib.
AzadlıqRadiosunun Rus xidməti sosial şəbəkələrdə hadisənin şahidini tapa bilib.
Həmin şahidin sözlərinə görə insident Severomuysk tunelinin 5 kilometrliyində baş verib.
Ehtimal olunur ki, söhbət tunelin içindən yox, yanından keçən dəmir yolu xəttindən gedir. Bu BAM-ın əsas ehtiyat xətti sayılır.
Buna da bax: Finlandiya-Rusiya sərhədyanı əməkdaşlıq müqaviləsi ləğv olunurRusiyanın ən uzun dəmir yolu tuneli
Partlayışın qatarın daşıdığı yanacaq sisternlərində baş verdiyi deyilir. Mash kanalı iki vaqonun partladıldığını yazır. Baza isə dörd vaqonun sıradan çıxdığını xəbər verir.
Rusiya rəsmiləri hələ ki, ikinci partlayış barədə xəbər verməyiblər.
Severomuysk dolama yolu 2003-də ildə istifadəyə verilmiş eyniadlı tunelin yanlarından keçir.
Ukrayna mediası güc strukturlarındakı mənbələrə istinadən qatarın körpüdən keçərkən partladığını yazır.
Bu xəbərlər hələ ki, müstəqil şəkildə təsdiq olunmayıb.
15 kilometrlik tunel Rusiyada ən uzun dəmir yolu tunelidir. Baykal-Amur Magistralından Çinlə ticarətdə fəal şəkildə istifadə olunur.
Buna da bax: Rusiya AzadlıqRadiosunun jurnalistinin həbs müddətini uzadırRusiyanı Çinlə birləşdirən əsas dəmir yolu xətti
Xəbər verilir ki, BAM-da yük daşımalarının həcmi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kəskin artıb.
Hazırda yüklərin böyük əksəriyyəti Novorossiysk və Baltika limanlarından deyil, məhz BAM-dan daşınır.
Rusiya Dəmir Yolları Konserninin məlumatına görə ötən il ərzində BAM və Transsibir magistralları ilə 149 milyon ton yük daşınıb.
Dekabrın 1-də verilən xəbərlərdə deyilirdi ki, Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı terrorçuluq aktı maddəsi ilə cinayət işi açıb.
Bir sıra Ukrayna mediaları, habelə CNN və Bloomberg xəbər verirlər ki, partlayışlar SBU-nun əməliyyatı olub.
Lakin Rusiya bu xəbərləri rəsmən təsdiq etmir.
SBU-dakı mənbələr partlayışın “Rusiya ilə Çini birləşdirən yeganə dəmir yolu xəttində” törədildiyini vurğulayırlar.
Bununla belə xəbər verilir ki, sözü gedən dolama yolda qatarların hərəkəti davam edir.