Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir. Bu, Mülki Məcəlləyə dəyişikliklər layihəsində öz əksini tapıb.
Milli Məclisin üzvü Vüqar İsgəndərov "Turan"a bildirib ki, qanuna dəyişikliyə əsasən, Məcəllədə və müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borclunun pulu gecikdirilməsinə görə faiz məbləği məhdudlaşdırılır: "Kreditin ödənişi gecikdirilirsə, illik faiz 5 faizi keçə bilməz".
Deputatın sözlərinə görə, burada əsas məqsəd kredit alan insanların çətin duruma düşməsinin qarşısını alınmasıdır: "Bu, sosial vəziyyətin yaxşılaşdırılmasına dəstək kimi qiymətləndirilməlidir. Qanun qəbul olunarsa, bu, kredit alan və bu problemdən əziyyət çəkən insanların maddi durumuna böyük dəstək ola biləcək".
Buna da bax: Banklar ötən il mənfəətini 50 faiz artırıb"Problemli kreditlər 17.5 faiz azalıb"
Mərkəzi Bankdan isə deyilib ki, bu il yanvarın 1-nə ölkədə vaxtı keçmiş kreditlər 593.7 milyon manat təşkil edib: "Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 7.4 faiz azdır".
Vurğulanıb ki, ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17.5 faiz azalıb: "Ötən il dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2.9 faiz təşkil edib".
"Kredit faizlərin aşağı salınmasına acil ehtiyac var"
İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, rəqəmsal olaraq indi vaxtı keçmiş kreditlər az göstərilir: "Çünki bir neçə bank bağlandı və onlar bağlanan kimi onların problemli kreditləri silindi. Amma problem qalıb və əhalinin böyük bir qismi kreditlərin qaytarılması ilə bağlı problem yaşayır".
Buna da bax: Ehtiyac olmadan alınan borcdan kim qazanır?Onun sözlərinə görə, bəzən bir bankın kreditini qaytarmaq üçün başqa bankdan kredit götürürlər: "Ona görə də qanunda cərimə faizləri ilə bağlı dəyişikliklər edirlər. Əvvəl faizlər istədikləri kimi müəyyən edilirdi, indi isə bu, 5 faizlə məhdudlaşdırılır. Bunun da müəyyən müsbət təsiri ola bilər. Amma kredit faizlərin aşağı salınmasına acil ehtiyac var".
O qeyd edib ki, biznes kreditlərinin uzunmüddətli və aşağı faizlə verilməsində müəyyən məhdudiyyətlər var: "Azərbaycanda rəsmi olaraq dövlətin nəzarətində olan iki bank var. Digərləri, formal da olsa, özəl banklar sayılır və onlara dövlət birbaşa hansısa qərarla faizləri aşağı salmaqla bağlı göstəriş verə bilməz. Amma Mərkəzi Bank uçot dərəcəsini aşağı salaraq aşağı faizlərlə kreditləri banklara o şərtlə verə bilər ki, həmin rezident banklar əhaliyə aşağı faizlə kredit versinlər".