Ekspert: Manat gerçək dəyərini tapana qədər 'uçacaq'

Qubad İbadoğlu

►Mərkəzi Bank “üzən məzənnə” rejimi elan etsə də, davranışları təsbit olunmuş rejimi xarakterizə edir

Azərbaycan valyuta bazarının problemlərindən biri də məzənnə rejimi ilə bağlıdır. Çünki deyilən bir rejimdir, tətbiq olunan başqa. Mərkəzi Bank (MB) “üzən məzənnə” rejimi elan etsə də, davranışları təsbit olunmuş rejimi xarakterizə edir.

Baş bank həm rəsmi məzənnə müəyyənləşdirir, həm də mübadilə üçün 4%-lik marja tətbiq edir. Yəni banklar rəsmi məzənnədən 4% aşağı, ya da yuxarı alıb-sata bilərlər. Avqustun son günündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) banklara 4%-lik həddə əməl etmək barədə məktub göndərib.

Əsasən iki rejim var

Əsasən 2 məzənnə rejimi var: təsbit edilmiş və üzən məzənnə rejimi.

“Təsbit edilmiş məzənnə” rejimi milli valyutanın xarici valyutaya qarşı dəyişməz saxlanılması deməkdir. Yəni, təsbit edilmiş məzənnənin xüsusiyyəti ondan ibarətdir ki, o, yetərincə uzun müddətə, aylarla və ya illərlə sabit qalır. Məzənnəni sabit saxlamaqdan ötrü MB valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır.

“Üzən” valyuta məzənnəsi valyutaya tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Lakin, “üzən” valyuta məzənnəsi rejimi MB-nin müdaxiləsini inkar etmir.​

Azərbaycan “üzən məzənnə”yə hazır idimi?

Hələ 2015-ci ilin aprelində MB –nin sədri deyirdi ki, Azərbaycan üzən məzənnə siyasətinə keçidə tam hazır deyil. Elə indi də hazır deyil. Çünki bunun üçün valyuta qazanan təşkilatlar, qurumlar olmalıdır. Hazırda isə Azərbaycanda 2 əsas belə təşkilat var: Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti.

İqtisadçı ekspert Qubad İbadoğlu da marja üçün dəhliz müəyyənləşdirilməsinə və yalnız həmin çərçivədə hərəkətin mümkün olmasına diqqət çəkir:

“Belə tənzimləmənin isə “üzən məzənnə”yə heç bir dəxli yoxdur, çünki burda qərar bazar qüvvələrinin iştirakı ilə təklif və tələbin tarazlığı əsasında qəbul olunmur. Qərarı MB istədiyi kimi müəyyənləşdirir. Bunu “sərt tənzimlənən üzən valyuta rejimi” də adlandırmaq olar”.

“Əli qandallı şəxs necə üzə bilər?”

Ekspert bildirir ki, əgər milli valyutanın məzənnəsi sərbəst bazarda üzən valyuta rejimi ilə tənzimlənəcəksə, manat "üzməyəcək": “Gerçək dəyərini tapana qədər "uçacaq" və sonra sabitləşərək gerçək məzənnəsi orbitində "fırlanacaq".

Buna da bax: 'Bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir'

Bank məsələləri eksperti Əkrəm Həsənov hazırda tətbiq edilən rejimin “üzmədiyini” söyləyir:

“Əli qandallı şəxs necə üzə bilər? Məzənnəni bazar müəyyən edirsə, qiymət sərbəst olmalıdır. Marja məhdudiyyəti varsa, deməli məzənnəyə inzibati təsir var. Bəlkə marja tətbiq edilməsə, “idarəolunan məzənnə rejimi” adlandırmaq olar. MB bazara müdaxilə də edə bilər. Bazarın iştirakçısı kimi alıb-sata bilər. Bu yolla məzənnəni idarə edə bilər”.

Ekspertin fikrincə, bazar tənzimlənməsə, 1 dollar ən azı 2 manatdan çox olar.

Buna da bax: Manat yenə ucuzlaşdı

“Mərkəzi Bank da belə deyir”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli isə fərqli düşünür:

“MB-nin özü tənzimlənən üzən məzənnə siyasətini tətbiq etdiyini bildirib. MB mandatına uyğun olaraq, müəyyən məhdudiyyət və tənzimləmələr həyata keçirə bilər. Eyni zamanda bazar qaydaları cərçivəsində valyuta alqı-satqı sifarişləri ilə bazara təsir edə bilər”.

Buna da bax: Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...

O xatırladır ki, MB bazarda məzənnəni müəyyən edən struktur olaraq qalır:

“MB deyir ki, hərraclar və banklararasi əməliyyatlar zamanı məzənnə formalaşır və buna uyğun rəsmi kurs elan edilir. Bu, üzən məzənnədir. Amma əlavə məhdudiyyətlər qoymaqla, tənzimlənən üzən məzənnə siyasəti aparmış olur”.