"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin fevralın 23-də keçirilmiş ümumi yığıncağında "Bank Ombudsmanının Əsasnaməsi"nə dəyişiklik edilib.
Bu barədə ABA məlumat yayıb.
Məlumatda bildirilir ki, dəyişikliyə əsasən, bundan sonra Bank Ombudsmanı 10 min ABŞ dollarına qədər şikayətlərə baxa biləcək. Buna qədər həmin məbləğ 2 min dollar olub.
Bank Ombudsmanın yaradılması haqında qərarı ABA-nın ümumi yığıncağı 2017-ci il fevralın 3-də keçirilən iclasında qəbul edib. Məqsəd banklar və fiziki şəxslər arasında müqavilələrin bağlanılması, dəyişdirilməsi, icrası, xitam verilməsi ilə bağlı yaranan hüquqi, mülki mübahisələri məhkəməyə müraciət etmədən aradan qaldırmaqdır.
Bank Ombudsmanı 22 bank və bir bank olmayan kredit təşkilatı üzrə bütün növ (kredit, depozit, pul köçürmələri və s.) şikayətlərə baxır.