'Düşündülər ki, neft gəlirlərini digər sahələrdən əldə etmək olar...' - Baramaçılıqda geriləmə

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəbdə barama saxlamaqla iqtisadi inkişaf

Azərbaycanda, rəsmi məlumatlara görə, 2022-ci ildə barama istehsalında azalma var. Keçən il iyunun 14-dək barama tədarükü məntəqələrinə 428 ton 290 kq yaş barama təhvil verildiyi açıqlanmışdı. Bu ilin eyni dövrünə qədər həmin göstərici 30 faizdən çox azalıb. Halbuki, 2017-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nı təsdiqləyib. Həmin proqrama əsasən, 2025-ci ilədək yaş barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulur.

İki il əvvəl də ölkədə barama istehsalında azalma olmuşdu. Onda bu koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərlə izah edilmişdi. Pandemiya geridə qalıb, bu sahəyə ayrılan vəsaitlər nədən özünü doğrultmur?

İpəkqurdu azalıb

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, barama istehsalındakı azalma kümçülərə paylanan ipəkqurdunun az olması ilə bağlıdır: "2019-cu ildə barama yetişdirmək istəyənlərə 20 min qutu, 2021-ci ildə 14 min 700 qutu, bu il isə cəmi 11 min 130 qutu barama qurdu verilib. Onlardan 10 mini Çindən gətirilib, 1 min 130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub".

Qurumun məlumatına görə, cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır: "Ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Məhsul tədarükünə görə, Ağcabədi, Balakən, Zaqatala, Bərdə və Şəki rayonları öndə gedir".

Subsidiya artıb

Nazirlikdən əlavə olunub ki, bu ilin martında Prezident İlham Əliyevin imzaladığı fərmanına əsasən, barama istehsalçılarına verilən subsidiya məbləği artırılıb: "Fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın hər kiloqramına görə əvvəlki kimi 5 manat deyil, 6 manat subsidiya ödənilir. Bundan başqa, "Azəripək" MMC də öz tərəfindən fermerlərə yaş baramanın hər kiloqramı üçün 4 manat əvəzinə 5 manat ödəməyə razılaşıb. Beləliklə, artıq bu ildən etibarən fermerlər baramanın hər kiloqramına görə ümumilikdə 9 manat yox, 11 manat alacaqlar".

V.Məhərrəmli

"…Ciddi araşdırmamışdılar"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, hökumət baramaçılığı inkişaf etdirmək haqqında qərar qəbul edəndə heç bir araşdırma aparmamışdı: "Sadəcə o vaxt (2015-2016) neft gəlirləri azaldığı üçün onlar düşündülər ki, neft gəlirlərini digər sahələrdən əldə etmək olar. Məsələn, pambıqçılığın, fındıqçılığın, baramaçılığın inkişafı haqqında qərar qəbul etdilər, amma heç bir sahəni ciddi araşdırmamışdılar".

"Külli miqdarda vəsait göyə sovrulub"

Ekspertin sözlərinə görə, problemlər aradan qaldırılmadan baramaçılığın inkişafından söhbət gedə bilməz: "Baramaçılıq üçün çəkil bağları salınmalı idi, hansılar ki, əvvəllər var idi, sonra ləğv olunmuşdu. Bu sahə ilə məşğul olacaq fermerlər araşdırılmalı idi, onlara torpaq sahələri ayrılmalı idi. Bu olmadı. Sonra isə görəndə ki, çəkil bağları yoxdur, getdilər Çindən tingləri, toxum, mütəxəssis gətirdilər. Külli miqdarda vəsait göyə sovrulub, nəticə isə sıfırdır".