Barbados Britaniya kraliçasının tabeçiliyindən çıxacağını deyir

Barbadosun baş qubernatoru Sandra Mason

Karib dənizində yerləşən Barbados adası Britaniya kraliçası II Elizabeth-in dövlət başçısı titulunu ləğv edəcəyini bildirib.

Reuters agentliyi yazır ki, bu məsələ əvvəllər də bir neçə dəfə qaldırılıb.

Keçmiş müstəmləkə olan Barbados 1966-cı ildə müstəqilliyini əldə etsə də, Kanada, Avstraliya və bir neçə başqa Karib ölkəsi kimi Britaniya taxt-tacına formal tabeçiliyini saxlayıb.

Barbadosun baş naziri Mia Mottley-nin adından çıxış edən baş qubernator Sandra Mason deyib ki, “müstəmləkə keçmişimizi həmişəlik arxada qoymağın zamanı çatıb”.

Kraliça etiraz etmir

Baş qubernator Barbadosun dövlət tədbirlərində kraliçanı təmsil edir. O çıxışında deyib:

“Barbadoslular barbadoslu dövlət başçısı istəyirlər. Bu, bizim kimliyimiz barədə müstəsna bəyanatımızdır və biz buna nail olmağa qadirik. Buna görə də Barbados tam suverenlik istiqamətində növbəti məntiqi addımı atacaq və müstəqilliyimizin 55-ci ildönümünədək Respublika olacaqdır”.

Sözü gedən yubiley bu ilin noyabrında qeyd edilməlidir.

Bukingem sarayı bildirib ki, bu məsələ tamamilə Barbados xalqına aid bir məsələdir. Britaniya Xarici İşlər Nazirliyi deyib ki, qərar Barbadosundur:

“Barbados və Birləşmiş Krallıq şərikli tarixə, mədəniyyətə, dilə və başqa dəyərlərə malikdir. Bizim möhkəm partnyorluğumuz mövcuddur və bu birlik bizim bütün başqa karibli partnyorlarımızla yanaşı davam edəcəkdir”.

Buna da bax: Vergi cənnətlərinin qara siyahısı açıqlanıb

Şəkər qamışı və qullar

Barbadosdan əvvəl belə bir addımı Trinidad və Tobaqo, Dominika və Quyana ataraq respublika olublar.

Lakin bu üç dövlət Britaniya Birliyinin üzvü olaraq qalır. Birlik əsasən keçmiş Britaniya müstəmləkələrindən ibarət 55 ölkəni birləşdirir. Bu birliyə Britaniya kraliçası II Elizabeth başçılıq edir. Barbados da bu birliyin üzvü olaraq qalacaq.

İlk dəfə 1625-ci ildə İngiltərə tərəfindən işğal olunan Barbados başqa Karib adalarından fərqlidir. Bu ada həmişə Britaniya taxt-tacına daxil olub. Başqa adalara görə ispanlar, britaniyalılar, hollandlar, farnsızlar və amerikalılar dəfələrlə döyüşüblər.

Britaniya müstəmləkəçiləri Barbados torpağından şəkər qamışı yetişdirilməsi və transatlantik qul ticarəti üçün istifadə ediblər.

Barbadosun şəkər plantasiyalarında Afrikadan gətirilmiş qulları işlədirdilər.