Rusiyanın Başqırdıstan Respublikasında etirazlara görə dörd nəfərə ittiham irəli sürülüb. Məlumatı monitorinq qrupu yanvarın 22-də açıqlayıb. Ötən həftə bu regionda yerli fəalın həbsinə görə polislə etirazçılar arasında toqquşmalar olub. Minlərlə insan Baymak rayonunda şaxtalı havada küçələrə çıxıb və polis dəyənəyi ilə üzləşib.
15 ilədək həbs kəsilə bilər
Etirazçılar başqırd dilinin mühafizəsinə görə kampaniya aparan və "nifrət qızışdırmaq"da təqsirli bilinərək 4 il həbsə məhkum edilən Fail Alsınova dəstək bildiriblər.
"OVD-Info" insan haqları təşkilatı yerli mediaya istinadla bildirir ki, Başqırdıstan hakimiyyəti dörd şübhəliyə "kütləvi iğtişaşlar" və "hüquq-mühafizə əməkdaşlarına zor tətbiq etmək" maddələri üzrə ittiham verib.
Hakimiyyətin iğtişaş saydığı qanunsuz nümayişlərin təşkili, yaxud onda iştiraka görə 15 ilədək həbs cəzası kəsilə bilər.
Ötən həftəki toqquşmalar
Baymak Moskvadan min 400 km şərqdə yerləşir. Ötən həftə bu rayonun məhkəməsi bir neçə nəfəri böyük etirazlar vaxtı polisin əmrinə tabe olmamaq ittihamı ilə 8-15 gün həbsə məhkum edib.
Məhkəmə Alsınova hökm çıxaranda polis binanın qarşısına yığışan minlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaza əl atıb.
Hakimiyyətin bildirdiyinə görə, fəal bir nitqində irqçi qeydlər edib. Ancaq Alsınov deyir ki, onun sözləri başqırd dilindən səhv tərcümə olunub.
Türkdilli, əsasən müsəlman başqırdlar regionun dörd milyonluq əhalisinin üçdə birini təşkil edir.