Bugün, aprelin 20-də istintaq orqanının təqdimatı ilə Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini daha iki ay - iyunun 28-dək uzadıb.
Bu barədə Azadlıq Radiosuna müdafiə tərəfindən məlumat verilib.
Müdafiə tərəfindən bildirildiyinə görə, onlar məhkəmənin qərarı ilə razılaşmadıqlarını bildiriblər və bu qərardan şikayət vermək niyyətindədirlər.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanıb.
Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Onun həmin müddətdən bəri iki dəfə həbsinə etiraz olaraq günlərlə (birində 50 gündən çox) aclıq aksiyası keçirdiyi bildirilir. Bu ara onun həbs müddəti aprelin 28-dək uzadılmışdı.
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycanı Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırıblar.
Xatırlatma
Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.